Bu gün milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir

“Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir. Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq və 30 il sonra müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin torpaqlara qayıtdıq, eləcə də 100 il öncə zorla və siyasi hiyləgərliklə Azərbaycandan qoparılmış Zəngəzur, Mehri ərazilərini, indiki leksikonla desək, Qərbi Azərbaycanımızı da unutmuruq. Hətta, bu gün radikal siyasi qruplaşmalar tarixi təhrif etməyə çalışsa da, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə bağışlamasını da unutmuruq və bu addımı xəyanət və cinayət kimi qiymətləndiririk. Soyqırımılar və deportasiyalar tarixi də xalqımızın qan yaddaşı olduğundan böyük ədalətsizlikləri və cinayətləri görməzlikdən gəlmək mümkün deyil”.

Bunu Sabahinfo.az-a Yeni Azəbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Necə ki bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanlar tarixi dədə-baba torpaqlarına qayıdıblar, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımız da həmin yerlərə qayıdacaqlar. Baxmayaraq ki, sonuncu deportasiyadan 34 il ötür, lakin həmin soydaşlarımızın yaxınları, uşaqları, nəvələri bu qayıdışın əsas iştirakçılarına çevriləcəklər. Sirr deyil ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Təsadüfi deyil ki, deportasiyaya məruz qalmış insanlarımızla söhbət zamanı aydınlaşır ki, bu gün də onlarda həmin yerlərin xəritələri, evlərinin şəkilləri, kitablar, qəzetlər var. Bu kateqoriyadan olan soydaşlarımızın hər biri tarixi yerlərimizin niskili ilə yaşadıqları və hər an qayıdacaqlarına böyük ümidlər bəslədikləri də gün kimi aydındır. Bu səbəbdən də ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımızın bütün tarixi, dini abidələrini yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Lakin buna nail ola bilməyiblər. Çünki XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Tarixi faktlar, mənbələr də sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

“Bu gün qarşımızda duran əsas vəzifələrdən biri də məhz Qərbi Azərbaycanla bağlı bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyev dəfələrlə bu barədə danışıb və Qərbi Azərbaycan tarixi ilə əlaqədar faktları diqqətə çatdırıb: “Bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Qərbi Azərbaycan ilə bağlı fikirlərini qətiyyətlə səsləndirir, hətta qayıdışlar bağlı hüquqi, sülh xarakterli fikirlərini bildirir. Ona görə də, xalqımızın hüquqi və tarixi tələbləri beynəlxalq müstəvidə reallaşdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Prezident İlham Əliyevin tövsiyələri əsasında Qərbi Azərbaycan İcmasının xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmasları qurulmalıdır. Bir daha Ermənistanın tarixi saxtakarlığı ifşa olunmalıdır”.