“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTAT

“Seçkilər son bir ilə yaxın müddət ərzində konstitusiyaya edilmiş dəyişiklər və yeni qanunvericilik əsasında keçirildi”.

Bu sözləri 1news.az-ın Qazaxıstana ezam olunan əməkdaşına eksklüziv açıqlamasında Qazaxıstanda keçirilən seçkiləri müşahidə edən Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Seçkilər ərəfəsində - 28 gün ərzində aparılan təbliğat-təşviqat kampaniyası, yeni partiyaların seçki marafonuna qoşulması və eləcə də müstəqil birmandatlı dairələrdə müstəqil namizədlərin irəli sürülməsi konstitusiyaya əlavə olunmuş yeni dəyişiklərlə bağlıdır. Bütovlükdə yeni qanunvericiliyin cəmiyyətin bütün təbəqələrinin parlamentdə təmsil olunması üçün kifayət qədər imkan yaratdığını qeyd edən Cavanşir Feyziyev 10-a yaxın məntəqədə etdikləri müşahidələrdən bəhs edib:

“Müşahidə etdiyimiz 10-a yaxın məntəqədə seçkilərin gedişi, eləcədə seçkilərdən öncəki hazırlıq prosesində apardığımız müşahidələr onu göstərir ki, Qazaxıstanda siyasətlə məşğul olan partiyalar, eləcə də birmandatlı dairələrdən namizədliyini irəli sürmüş deputatlar qanunvericiliyin yaratdığı imkanlardan kifayət qədər geniş istifadə ediblər. Ona görə də seçkilərin keçirilməsi zamanı da müşahidə etdiyimiz 10-a yaxın məntəqədə həm yerli müşahidəçilər, həm kütləvi informasiya vasitələri, həm də sadə vətəndaşlar tərəfindən heç bir şikakətlə rastlaşmadıq. Belə hesab edirik ki, bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır”.

Rüstəm Əzimov