Oxuculara növbəti ədəbi inci təqdim edilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yaxın günlərdə “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsinə start verdi. Bu önəmli, nəcib və xeyirxah işin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin daha da geniş yayılmasına və öyrənilməsinə dəstək olmaq, ədəbi irsimizi təbliq etmək və dünya ədəbiyyatının ən gözəl nümünələri haqqında insanlara, əsasən gənc və yeniyetmələrə məlumat verməkdir. 

“Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım oxuculara Xalq yazıçısı Natiq Rəsulzadənin “Qardaş” povestini oxumağa tövsiyə edir. 

Kitabsevərlərin diqqətini çəkəcək cəlbedici bir povestdən qısa məlumat verilir. Əsasən fantastik və qeyri-adi cərəyanlardan bəhs edən əsərləri ilə məşhur olan gözəl Xalq yazıçımız Natiq Rəsulzadənin “Qardaş” povesti maraqlı və oxunaqlıdır. Əsərdə xaraktercə bir-birinin tam əksi olan iki əkiz qardaşlardan bəhs edilir. Söhbət Rusiyada evlənib yaşayan Fuadla, Bakıda subay yaşayan Azaddan gedir. Fuad qayğıkeş, xəyalpərəst, sakit həyat tərzi keçirən biri olsa da, Azad eyş-işrət düşkünü, qumarbaz. Özü də çox mahir, necə deyərlər, zər tutan və bəxti həmişə qumarda gətirən özü üçün yaşayanın biri...
Fuadla Azad uşaqkən anaları ilə Soçidə istirahət edərkən qaraçı bir qadın bu uşaqların eyni gündə, eyni xəstəlikdən öləcəklərini demişdi. Hər şey qəflətən, Azadın ölümü ilə dəyişir. Elə bir şey baş verir ki, elmin, təbabətin aciz qaldığı vəziyyət yaranır.

Bakıya gələn Fuad sözün əsl mənasında özünü Azad bilir. Ondan sonrakı iki ildə nələr edir, nələr... Dəhşət! Qaraçı dediyi kimi, Fuad 2 il sonra eyni gündə, eyni ayda, eyni saatda, eyni xəstəlikdən dünyasını dəyişir.

Kitabsevərlərə, Natiq Rəsulzadənin “Qardaş” povestini oxumaq çox məsləhətdir. 

Xalq yazıçısı Natiq Rəsulzadənin “Qardaş” povestindən kiçik epizodu oxucular üçün yazıçı Şahzadə İldırım səsləndirir: