Neçə vaxtdır fikrimdə dolaşan bu yazını, əslində, martın ikinci ongünlüyünədək bitirməyi düşünürdüm. Ancaq iş elə gətirdi ki, onu planlaşdırdığım vaxtdan bir qədər tez yazmalı oldum. Çünki az qala yarım əsrin tanışı, 40 ilin simsarı Bayram müəllimdən intizarla gözlədiyim bir xəbər eşitdim. Onun ilk baharın gəlişi ilə eyni vaxta düşən doğum gününün bu il 70 illik yubiley yaşı ilə möhürlənəcəyini nəzərə alan Azərbaycan Mətbuat Şurası bu tarixə rəng qatmaq, yubilyarı ağırlamaq qərarına gəlib. Martın 10-da həmin məkanda dostumuzu təbrik edəcəyik. Bəri başdan təşkilatçılara “çox sağ olun”, deyir, Bayram müəllimə möhkəm cansağlığı, yeni yeradıcılıq uğurları arzulayırıq.
Oxunaqlı yazıları və məhsuldar jurnalist fəaliyyəti ilə kifayət qədər tanınan Bayram Məmmədovun kimliyi, keçdiyi ömür yolu barədə Azərbaycan oxucusu yetərincə məlumatlıdırmı? Ritorik olsa da, zənnimcə, bu sualın cavabı yazarın xeyrinə deyil. Səbəbsə çox sadədir. Əsl jurnalist əməyi müəllifin deyil, onun qəhrəmanlarının taleyinə işıq salır. Yəqin qələm dostlarımızın mütləq əksəriyyəti bu qənaəti bölüşər. Ötən yarım əsrə yaxın dövrdə bunun əksini nadir hallarda görmüşəm və nə gizlədim, qanunauyğun saymışam.
70 yaşın onun barəsində söhbət açmaq və özü istəməsə də bəzi sirlərini açmaq üçün yaxşı fürsət olduğu ilə yəqin dostumuz da razılaşar. Orası da var ki, zamanında deyilməyən, yazılmayan söz bəzən adamın qəlbini göynədir. Elə bu arqumentlə də yola çıxaq.
Onun barəsində tərəddüdsüz söylənəcək həqiqətlərdən biri budur ki, Bayram müəllim ömrü hədər yaşamayıb və bu gün də eyni amalla davam edir. Buna talenin seçimi, nəsildən, kökdən gələn bir ərmağan, özünü yetişdirməyin, insanlar, el-oba qarşısında məsuliyyətini dərk etməyin nəticəsi də demək olar. Bu məsələdə hər iki amilin rolu şübhəsizdir. Sözümü göyərdəcək xeyli tutalqam var.
1989-1990-cı illər idi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlatdığı müharibə sərhəd bölgələrimizdə gərginliyi hər gün atırırdı. Sərhədyanı ərazilərdə yerləşən yaşayış məntəqələrimiz intensiv surətdə iriçaplı silahlardan atəşə tutulur, hər gün olmasa da, azı hər həftə bu rayonların dinc sakinləri arasında yaralanan, hətta həyatını itirənlər olurdu. Əhalinin ciddi narahatlığına, etirazlara baxmayaraq, yerli hakimiyyət orqanları genişmiqyaslı və effektiv özünümüdafiə tədbirlərinin görülməsinə tələsmir, xüsusi hərbi birliklərin təşkili təlblərini isə qulaqardı edirdilər. Belə gərgin vəziyyətdə Zəngilanın sərhədyanı ərazilərində ən primitiv silahlarla da olsa təmin edilən ilk müdafiə postlarının yaradılmasının təşəbbüskarları və təşkilatçıları arasında Bayram müəllim də vardı. Partiya-sovet-komsomol təşkilatlarında işləyən bir şəxsin belə cəsarət sərgiləməsi, o dövrün termini ilə desək “ekstermist”lərin sırasında yer alması adi bir hal deyildi. Bu qeyri-adiliyin bir tərəfi də vardı. Az qala hamının təmkinli, yüz ölçüb bir biçən, hətta qədərindən artıq ehtiyatlı davranmağa meylli Bayram müəllim səbrini yenə bilməmiş, səsini etiraz səslərinə qatmışdı. Elə bu mövqeyinə, lazım gələndə qəti sözünü deməsi, insanların yanında olmağı hər cür vəzifədən üstün tutması və məntiqinə görə insanlar ona daha çox ürək qızdırırdılar, dərdlərinə həyan bilirdilər.
Bir qədər sonra, 1991-ci ilin payızında Zəngilanda ilk ərazi müdafiə taboru (ilk vaxtlar bu hərbi birlikləri özünümüdafiə taboru adlandırırdılar) yaradılanda artıq ona kimin komandirlik edəcəyi barədə uzun-uzadı müzakirələrə və kadr axtarışlarına ehtiyac qalmadı. Biliyi, bacarığı, rayonda nüfuzu və təmkini ilə bu işə rəhbərliyi, əsgəri xidmətdən sonra əlinə silah almamış cavanları hərbi işin çətinliklərinə hazırlamağı ona həvalə etdilər. Baxmayaraq ki, Bayram müəllim hərbi, yaxud xüsusi təhsil almamışdı. SSRİ-nin Uzaq Şərqdəki hərbi hissələrindən birində əsgəri xidmət keçmiş, sonra da rayon komsomol təşkilatında idman və kütləvi müdafiə tədbirləri şöbəsinin müdiri kimi bu sahədə müəyyən təcrübə qazanmışdı. Ancaq fövqəladə qərarların tələb edildiyi vaxtlarda bəzən qeyri-standart addımlar da atılır və bu, bir sıra hallarda özünü doğruldur. Əlbəttə, burada təsadüf seçimdən, xarakterin, şəxsi keyfiyyətlərin nəzərə alınmamasından söhbət belə gedə bilməz. Onun seçimində də artıq qeyd etdiyimiz amillər başlıca rol oynamışdı və sonrakı hadisələr göstərdi ki, etimad göstərənlər yanılmayıblar.
Əslində, Bayram Məmmədov ilk gəncliyindən, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda aspirant kimi qalmayıb ucqar dağ kəndələrindən birində müəllim işləmək istəyini qətiyyətlə bildirəndə mərd, vətənsevər insan kimi diqqət çəkmişdi. Ali təhsilini əla və yaxşı qiymətlərlə başa vurduğu halda, bəziləri kini asan yol seçib Bakıda qalmamışdı. Təyinatla göndərildiyi doğma Zəngilanın Keçikli və Canbar kənd 8 illik məktəblərində şagirdlərinə ingilis dilini səylə öyrətməyə başladığı ilk ildəcə pedoqoji kollektivin, sonra bütün maarif işçilərinin rəğbətini qazanmışdı. İndi isə onun qarşısında tamam fərqli və yenə də məsuliyyətli vəzifə dururdu. Rayonun ilk öznümüdafiə taborunun yaradılması üçün bir-iki nəfər peşəkar zabitlə birlikdə gecə-gündüz demədən fədakarlıqla çalışmaq, postlarda dayanan gənc və təcrübəsiz əsgərlərə silah və texnika ilə davaranmağı öyrətmək, onları döyüşə hazırlamaq tələb olunurdu. Ancaq o və köməkçiləri qəti inanırdılar ki, bunu bacaracaq, ata-babaların döyüş ruhundan güc aldıqlarını sübut edəcəklər. Bu inamın bir qaynağı da taborda xidmətə başlayan gənc əsgərlərin əksəriyyətinin Bayram müəllimdən və həmkarlarından vətənpərvərlik, mübarizlik dərsi almaları, dönməzlik ruhunda tərbiyə olunmaları idi. Bunu nə özü, nə də yetirmələri unutmamışdılar.
Getdikcə intensivləşən erməni hücumlarının qarşısının alınması zərurəti komandiri də, döyüş yoldaşlarını da sürətlə püxtələşdirdi. Aylar lazım olan məsələlər, ən çoxu bir neçə günə həll edilməli idi və edilirdi. Tabor ermənilərlə döyüşlərin gedişində formalaşdı. Əslində, bunu mövcud vəziyyət tələb edirdi. Düşmən təcavüzünün qarşısının alınması üçün hərbi əməliyyatlar daha peşəkarlıqla hazırlanıb həyata keçirilməli idi. Hər hansı kiçik səhv belə arzuolunmaz nticələr doğura bilərdi. Komandir də, şəxsi heyət də bunu yaxşı başa düşür, 35 minə yaxın əhalinin taleyi üçün məsuliyyət daşıdıqlarını bir an belə unutmurdular. Bütün bunlar həm də mərkəzdən real köməyin edlmədiyi şəraitdə baş verirdi. Ancaq həqiqi fədakarlar, əsl vətənpərvərlər bir neçə aya düşmənə layiqli müqavimət göstərməyə qadir hərbi birləşmə yarada bildilər. Laçında, Qubadlıda olan hərbi birləşmələrlə yanaşı, Ermənistandan gözlənən təcavüzün qarşısında artıq Zəngilan özünümüdafiə taboru da qətiyyətlə dayanmışdı.
Taborun apardığı uğurlu döyüş əməliyyatları Bayram Məmmədovun əsl komandir, həqiqi vətənpərvər zabit olduğuna nəinki Zəngilanda, qonşu rayonlarda da inam yaratdı. Bunun məhz belə olduğunu sübuta yetirən təksibolunmaz fakt isə onun sonra Müdafiə Nazirliyi sistemində kadr zabiti kimi hərbi xidmətə qəbul edilməsi idi. Daha dəqiq olsun deyə, Bayram müəllimin tabor komandiri və sonra alay komandirinin müavini kimi keçdiyi döyüş yolu, ağır xidmət illəri ilə bağlı neçə il əvvəl bölüşdüyüm bəzi faktları yenidən xatırlatmağı lazım bildim. Yeri gəlmişkən, bu qeydləri mən həmin illərdə, Birinci Qarabağ müharibəsi dönəmində Zəngilanda gedən döyüşlərdə qeydə almışam. Daha dəqiq desəm, 1991-ci ilin yazından 1993-cü ilin yayına qədər Azərbaycan Qaçqınlar Cəmiyyətinin “Vətən səsi”, Müdafiə Nazirliyinin “Xalq Ordusu” və Dövlət Sərhədini Mühafizə Komitəsinin “Sərhəd” qəzetlərində işləyərkən müntəzəm olaraq döyüş bölgələrində, o cümlədən Zəngilanda ezamiyyədə olmuşam. Bu faktların mütləq əksəriyyəti həmin səfərlərdə baş tutan görüşlərimizdə etdiyim qeydlərdir. Zənnimcə, onlar dostumuz və onun döyüş yolu haqqında oxucuda daha obyektiv fikir yarada bilər. Necə deyərlər, görünən dağa bələdçi gərək olmaz.
Əvvəlcə Bayram müəllimin şəxsi arxivində saxladığı “Sərhəd” qəzetinin bir nömrəsi ilə tanış olaq. Həmin nömrədə hərbi müxbir kimi Bayram müəllimdən səngərdə aldığım bir müsahibə dərc olunub. Müsahibə 1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilanın 11 kəndini işğal etdiyi günlərə aiddir. Doğrusu, arxivlərdə kifayət qədər işləsəm də, şəxsi arxiv yaratmağa meylli olmadığımı etiraf edirəm. Yenə dost-tanış, qohum-qardaş sağ olsunlar ki, hərdən özlərində saxladıqları qəzet nüsxələrinin surətini mənə də göndərirlər. Bayram müəllim kimi.
“Sual: – O vaxt ordu yox, prezident qvardiyası adı altında eks-prezidenti müdafiə edəcək qüvvələr yaratmağa can atırdılar. Milli Ordunun yaradılması haqqında qanun, əslində, kağız üzərində qalmışdı.
Cavab: – Əlbəttə, vəziyyət ağır idi. Ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki bütün imkanlar bu işə yönəldilsəydi, bütün potensial Ordunun komplektləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsəydi, məğlubiyyətlərimiz də olmazdı. Bəlkə də indi müharibəni qurtarmışdıq.
Sual: – Yadımdadır, ötən il aprelin 25-də Zəngilan ərazisinə çox güclü hücum oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə torpaqlarımıza soxuldu. Ancaq əsgərlərimizin şücayəti ilə qarşısı alınan ermənilər itki verib geri çəkildilər. Dekabrın 10-da isə 4-5 qat artıq qüvvə ilə torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Bunu nə ilə izah edirsiniz?
Cavab: – Keçən il aprel hadisələri dediyiniz vaxt bizim üçün ən ağır dövr idisə də, inam vardı. Komandirlər nümunə göstərirdilər. Aprelin 25-i sübhçağı birinci komandirlər getdilər. Kəşfiyyat aparıldı, sonra gərgin döyüşdə düşmən geri oturduldu. Dekabrın 10-da isə mülki adamlar Canbar kəndinə qədər getdilər, düşmənin əsas qüvvələri geri çəkilmişdilər. Ancaq bir nəfər Ordu komandiri tapılmadı ki, əsgərləri döyüşə aparıb ərazilərimizi geri qaytarsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanlar isə döyüş yox, başqa şeylər haqqında düşünürdülər. Mən qəti deyirəm, 10 dekabrda əks-hücum olsaydı, biz torpaqlarımızı geri qaytara bilərdik”.
Yəqin ki, əlavə şərhə, dərin təhlilə ehtiyac yoxdur. Təkrar deyək, görünən dağa nə bələdçi.
1993-cü ilin əvvəllərində baş tutan, sonra bir yazımda yer alan söhbətimizi xatırlayıram. Həmin vaxt bir çox məsələlərdən, əsasən də 1989-1990-cı illərdə getdikcə güclənən, sonra daha geniş miqyas alan düşmən təcavüzlərinin qarşısının alınması, torpaqlarımızın müdafiəsinin təşkilindəki problemlərdən danışmışdıq. “Biz ilk dəfə taboru yaradanda çoxları inanmırdılar ki, Azərbaycanın özünün silahlı qüvvələri ola bilər. Buna baxmayaraq, sağlam qüvvələr tapıldı. Məşəqqətlərə, əziyyətlərə davam gətirməli olduq. Biz ilk müdafiə qüvvələrini yaradanda ağsaqqallardan, hətta savadlı adamlardan belə “həyatınızdan qorxmursunuz? Hökumət gələcək, sizi aradan götürəcək” deyirdilər. Bütün bunları bəzən eşitməzliyə vurur, öz işmizi görürdük. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə lazımi kömək göstərirdi. Əsas çətinliyimiz o idi ki, bizə dövlət tərəfindən mane olurdular. Ordunun təşkilini ləngitmək üçün hər şeyə əl atırdılar. Nəticəsi gətirib ona çıxardı ki, həddindən artıq itkilərimiz oldu.”
Şuşa daxil omaqla Qarabağın, Laçının işğalını, başqa torpaqlarımızın itirilməsini nəzərdə tuturdu. O zaman nə o, nə də mən inana bilməzdik ki, bu itkilər son olmayacaq. Qarşıda bizi daha 6 rayonun işğalı gözləyir.
Hərbi müxbir işlədiyim illərin bir qənaətini də bölüşüm. Məncə, əli silahlılardan fərqli olaraq əli qələm tutanlar bir üstünlüyə malikdirlər. Həmin illərdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və digər cəbhə bölgələrində xidmət edən peşəkar, yaxud vəziyyətə görə hərbi forma geyinmək məcburiyyətində qalmış zabitlərlə, neçə komandirlə görüşmək, onları fərqli şəraitlərdə müşahidə etmək imkanımız olub. Bu bizə həqiqi komandirlərlə təsadüfi şəxsləri bir-birindən fərqləndirməyə imkan verirdi. Bayram Məmmədovun peşəkar hərbçi olmasa da, əsl komandir, həqiqi vətənpərvər zabit olduğunu bu gün də çoxları təsdiq edir. Bunu o illərdə yeni tariximizi səngərlərdə yazan hərbi jurnalistlər, rəhmətlik Ədalət Teymurov, Bədirxan Başkeçidli, Rəşid Faxralı, rəhmətlik teleoperator Seyidağa Mövsümlü də dəfələrlə qeyd edirdilər.
Nazirliyin əməkdaşı, hərbi jurnalist kimi komandirlərin xarakterlərinə, səriştələrinə yaxşı bələd olan Ədalət Bayram Məmmədov barəsində rəğbətlə danışır, onun tabeliyində olanlarla davranışını xüsusi vurğulayırdı: “Deyirlər, dünya yaxşıların çiynində qərar tutur. Həmin yaxşılar öz varlığı ilə dünyanı zinətlədirir. Bayram Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk zabitlərindən, Vətənin müdafiəsi üçün könüllü olaraq əlinə silah götürənlərdən biri, birincilərdən idi. Bayramı mən də, başqaları da qətiyyətli, tabeçilində olanlara qayğıkeş yanaşmaqla onlardan nizam-intizam tələb edən komandir, əsl zabit kimi tanıyırıq. Döyüşlərdə əldə etdiyimiz uğurlar da elə onun kimi zabitlərin sayəsində mümkün olurdu. O, yaddaşımda xeyirxah, sadə, çətin vəziyyətdə özündə güc tapmağı bacaran insan kimi də qalır”.
Dəqiq və səmimi sözlərdir. Mən deyilənlərin təsdiqi kimi onun özündən rütbəcə kiçik zabitlərə, əsgərlərə xoş münasibətinin, əsil ata, böyük qardaş qayğısının dəfəlrlə şahidi olduğumu da əlavə etmək istərdim. O, səngərdə dayanan əsgərin təkcə isti paltara, isti yeməyə deyil, həm də insani münasibətə ehtiyacı olduğunu yaxşı başa düşür və bunu həmişə nəzərə alırdı. Onunla şəxsi heyət arasında qarşılıqlı etimad da bunun nəticəsi idi. Bütün bunlarda yəqin pedoqoji təhsil almasının da təsiri vardı. Qeyd edim ki, ünsiyyətcil olması, qarşısındakını inandırmaq bacarığı da onu həmişə fərqləndirib.
Səngərlərdə baş tutan söhbətlərimiz xatırlayıram. Belə söhbətlərdə yaxınlığımıza mərmi düşdüyü, güllələrin böyür-başımızdan uçuşduğu anlar da az olmayıb. Ancaq heç vaxt söhbətimizi yarımçıq kəsməmişik. Bayram müəllim torpaqlarımızın müdafiəsini bütün xalqın, onun əli silah tutan hər bir övladının vəzifəsi hesab edir, həmçinin məsələnin obyektiv bir cəhətini də daim vurğulayırdı. Düşmənə qəfil, daha effektli zərbələrin vurulması üçün həmin ərazilərdə doğulmuş, döyüş bölgələrini yaxşı tanıyanlara xüsusi ehtiyac var. Belələri hərbi birləşmələrin azı 35-40 faizini təşkil etməlidirlər. Bu mövqe günümüzdə də öz aktuallığını itirməyib.
Hərbi jurnalistikamızın səlnaməsini yaradanlardan Rəşid Faxralının “Ədalət” qəzetindəki “Kamil insan” məqaləsindən: “Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona “Döyüşən komandir” deyirdi. Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb, komandir onu döyüşün içindən çıxarmaq üçün kimisə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə, yaralı əsgər qanaxmadan keçinərdi”.
Bayram Məmmədovun döyüş yolu ilə bağlı bu cür faktlar çoxdur. Onların bir hissəsini belə yazası olsaq, yəqin ki, böyük bir kitab alınar. O, 1991-ci ildən 2006-cı ilədək Müdafiə Nazirliyi sistemində tabor komandiri, alay komandirinin müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar bölməsinin və Beynəlxalq Əməkdaşlıq İdarəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olub. 2006-cı ildə Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi işləyib. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi vəzifəsində Silahlı Qüvvələrimizə yüksək hazırlıqlı, peşəkar zabitlər hazırlamaqda üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirib. Bu xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Başlıcası, bu illər ərzində o, nəinki onu insanlara sevdirən, dəyərini artıran yüksək keyfiyyətlərini dəyişməyib, əksinə bütün iş yoldaşları və tanıyanların məmnunluqla qeyd etdiyi yenilərini əlavə edib. Ancaq bütün bunlara görə mükafat ummayıb, nə də özünə vurğunluq xəstəliyinə düçar olmayıb. Çünki mayası belə yoğrulub, necə deyərlər, sadə, zəhmətkeş ailədə böyüməsi, çətinliyin nə demək olduğunu şəxsi həyatında yaşaması onu təvazökar, başqalarının əməyinə qiymət verməyi, özünü ağır, sanballı aparmağı bacaran bir insan kimi yetişdirib.
Bayram müəllimin yetişdiyi torpağa, doğması kimi əziz bildiyi insanlara digər bir xidməti onlar barəsində silsilə, ürəkdən gələn, səmimi, bir-birindən fərqli yazılar yazmasıdır. Mən sayı çoxdan yüzü keçən, yüz ildən böyük bir dövrü əhatə edən həmin yazıları, mübaliğəsiz, Zəngilanın ensiklopediyası hesab edirəm və bu barədə qənaətimi onun özü ilə də bölüşmüşəm. Müəllifin qəlbinin hərarəti hopmuş bu yazılar neçə nəslin, bəlkə də çoxlarının unutduğu insanların taleyinə işıq salır, onların yaşadığı mühiti, Zəngilanın uzaq və yaxın keçmişini göz önündə canlandırır və yaşadır. Bu ensiklopediyaya düşmək üçün kimlərinsə ondan xahiş edib-etmədiyini bilmirəm. Ancaq əminəm ki, hamının əməyini qiymətləndirməyi bacaran Bayram müəllim hələ onun neçə səhifəsini, bəlkə də fəslini yazacaq. Bu, həm də bir vaxtlar olmuş, indi xatirələrdə yaşayan işğala qədərki Zəngilanın və zəngilanlıların maraqlı, səmimi, saf həyat hekayələri olacaq. Yəqin onu yenidən dirçələn, ikinci həyatını yaşayan Zəngilanın gələcək sakinləri də həvəslə oxuyacaqlar. Tarix də belə yaranır. Qədim səlnamələrdə, hansısa dəftərlərdə yer alan məlumatlar əsasında bu gün bir bölgənin, vilayətin keçmişi vərəqlənirsə, yüz il, min il sonra üçün bu gün yazılanların da az da olsa, əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Yurd, Vətən həm də üstündə yaşayan insanların həyat hekayələri ilə tarixləşir, yaddaşa dönür.
Bayram Məmmədovla bizi birləşdirən, bölüşdüyümüz çox şeylər olub və bu gün də var. Mən bunu, sadəcə, eyni rayonda yaşamağımız, eyni məktəbi bitirməyimiz, hətta ali təhsil aldıqdan sonra təqribən eyni vaxtda, bir-birinə yaxın sahələrdə işləməyimizlə bağlamaq istəməzdim. Heç hər ikimizin istefada olan zabit, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmağımızla da əlaqələndirmirəm. Məncə, ən başlıca məsələ fikir birliyi, dünyaya baxışımız, bölüşdüyümüz dəyərlərdir. Zəngilanın dinc günlərində də, torpaqlarımızın düşməndən qorunması naminə o silah, mən qələm götürüb səngərə üz tutanda, sonra bizləri Qarabağsız və nəhayət Zəngilansız qoyan illərin acısını çəkəndə, qəzəbimizi ürəyimiz boyda olan yumruğumuza düyünləyib başımız üzərinə qaldıranda da eyni hissləri, ağrı-acıları yaşamışıq. Bir-birimizə dost demədən, əslində, bu sözü qarşılıqlı haqq etmişik və bununla yetinmişik. Ümid edirəm, bu yazıda dost sözünü qədərindən artıq işlətməyi anlayışla qarşılayar.
Torpaqlarımızın işğal altında qaldığı illər onun üçün də həyatının ən ağır, ən məşəqqətli və ən ağrılısı da, qürurumuzun tapdandığını hiss etdiyimiz illər idi. Bayramla həmin tarixlərin hər biri, eləcə də ötən iki yüz illik dövrdə qarşılaşdığımız faciələr, etnik təmizləmələr haqqında, ümumən ermənilər (daşnak, yaxud qeyri ad altında, əslində, fərq etmir) tərəfindən Azərbaycan torpaqlarında törədilmiş qanlı faciələr barəsində xeyli söhbətlərimiz olub. Bu dərdimizi, yaşadığımız faciələrin bir çoxunu o da, mən də, çoxsaylı qələm dostlarımız da hansısa yazılarda xatırlatmışıq, ictimailəşdirmişik. Nə günümüz, nə gecəmiz bilinmişdi.
Bayram müəllimi bir insan, vətəndaş kimi bütün rütbələrdən, titullardan daha artıq xarakterizə edən bir ad var – vətənpərvər. Yurd həsrətli, Vətən yanğılı yazılarından, işğal altındakı torpqalara qayıdış, gənclərin igidlik, dönməzlik ruhunda tərbiyəsinə önəm verilməsinə çağrıan məqalə və çıxışlarından da vahid, qırılmaz bir xətt keçirdi - vətənpərvərlik. O bu xətti gənc nəslin təlim-tərbiyəsində başlıca məqsədə çevirməyə bacaranlardan biri oldu. Həm hərbçi, həm də respublikanın əməkdar müəllimi kimi. Yüzlərin, minlərin böyük səylərinin nəticəsi də özünü çox gözlətmədi. Ürəyimizdə 28 ilə yaxın qövr eləyən torpaq, yurd həsrətinə son verməyə qadir bir nəsil yetişdi. Onlar bütün xalqımızı üzən bu ağır dərdə 2020-ci ilin payızında son qoymağı bacardılar. Qəhrəman Azərbaycan əsgəri 44 günlük müharibədə düşmənə qan ududraraq torpaqlarımızı işğaldan, ruhumuzu əsrətdən qurtardı. Bayram müəllimi həmişə ağrıdan, qəlbini parçalayan “Torpaqları qoyub qaçdınız” kimi haqsız ittihamlar da keçmişə qovuşdu. İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri öz qanı, canı bahasına Qarabağı və Şərqi Zəngəzuru azad etdilər. Milli qürurumuzu qaytardıq, yüksələn bayraqlarımızla yanaşı, başımız da ucaldı.
Bu Zəfərin sevincini yaşadığımız günlərdə Bayram müəllim də təbii hislərini, qəlbinin aşıb-daşan sevincini, iftixarını Vətən segisi ilə yoğrulmuş neçə yazısında əks etdirdi. Düşmənin neçə illik tapdağından azad olunan doğma yurdunda ciyərdolusu nəfəs alan insanların yenidən həvəslə qurub-yaratdığını, könllərin bahar təravəti ilə çırpındığını görəndə bu gün onun da qəlbi dağa dönür. Az qala neçə dastan bağladığı həmyerlilərinin o yurdlardakı bəxtəvər həyatlarından, Zəngilan ensiklopediyasının son səhifələrini yazacağı günləri səbirsizliklə, ümidlə gözləyir. Tale arzularını gerçək etsin, Bayram müəllim.
Lətif Şüküroğlu