Dəyərli dostlar!
22 aprel 2026-cı il tarixində Salyan rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə yaxından maraqlandım. Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev ilə birlikdə rayonun taxıl əkin sahələrində olduq, cari təsərrüfat ilində görülən işlərlə yerində tanışlıq apardıq, fermerlərin fəaliyyəti, aqrotexniki tədbirlərin icrası və məhsuldarlıq göstəriciləri barədə geniş məlumat əldə etdik.
Kənd təsərrüfatı hər bir dövlətin ərzaq təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Əhalinin dayanıqlı ərzaq təminatı, daxili bazarın yerli istehsal hesabına möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və kənd yerlərinin sosial-iqtisadi inkişafı aqrar sektorun güclənməsi ilə birbaşa bağlıdır. Xüsusilə taxılçılıq sahəsi ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutur və bu istiqamətdə aparılan məqsədyönlü siyasət kənd təsərrüfatının davamlı inkişafına geniş imkanlar yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri daha da genişlənmiş, subsidiya sistemi təkmilləşdirilmiş, texnika təminatı gücləndirilmiş, suvarma infrastrukturunun yenilənməsi və fermerlərin maddi-texniki imkanlarının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısının kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsi regionlarda istehsal potensialının yüksəlməsinə, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və məhsuldarlığın artmasına ciddi təkan vermişdir.
Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyevin təqdim etdiyi məlumatlara əsasən, 2025-ci il üzrə rayon ərazisində 8652 hektar arpa və 4635 hektar buğda olmaqla, ümumilikdə 13287 hektar sahədə taxıl əkinləri aparılmışdır. Cari vegetasiya mərhələsinə dair monitorinq nəticələri göstərir ki, əkinlərin böyük hissəsində inkişaf prosesi qənaətbəxş səviyyədə davam edir və sahələrin əksəriyyətində məhsuldarlıq üçün əlverişli vəziyyət formalaşıb.
Aqrotexniki qulluq tədbirləri çərçivəsində bu günədək 10785 hektar sahədə yemləmə gübrələrinin tətbiqi həyata keçirilmişdir. Suvarma işləri də müəyyən olunmuş qrafikə uyğun təşkil olunmuş, 3595 hektar sahədə birinci, 8170 hektar sahədə isə ikinci vegetasiya suvarılması başa çatdırılmışdır. Bu göstəricilər fermerlərin mövsümə məsuliyyətli yanaşmasını, eyni zamanda kənd təsərrüfatı sahəsində koordinasiyalı fəaliyyətin mövcudluğunu nümayiş etdirir.
Ötən təsərrüfat ilinin statistik göstəricilərinə əsasən, Salyan rayonunda ümumilikdə 12696 hektar sahədə taxıl əkini aparılmışdır. Həmin ərazilərin 5202 hektarını buğda, 7494 hektarını isə arpa sahələri təşkil etmişdir. Biçin mövsümünün nəticələrinə görə rayon üzrə orta məhsuldarlıq 42,3 sentner olmuşdur. Buğda sahələrində orta məhsuldarlıq 48,5 sentner, arpa sahələrində isə 38 sentner səviyyəsində qeydə alınmışdır.
Əkin sahələrinə baxış zamanı taxılın inkişaf dinamikası, yemləmə gübrələrinin tətbiqi, vegetasiya suvarılmasının təşkili və alaq otlarına qarşı mübarizə tədbirləri ilə yaxından tanış olduq. Eyni zamanda, biçin mövsümünə hazırlıq prosesi, kombaynların texniki vəziyyəti və texnika təminatı ilə bağlı aparılan işlər barədə ətraflı məlumat təqdim olundu.
Salyan rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər göstərir ki, aqrar sahəyə diqqət və düzgün təşkilatlanma məhsuldarlığın yüksəlməsinə, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və regionun iqtisadi potensialının güclənməsinə mühüm töhfə verir. Fermerlərimizin əməyi, dövlət dəstəyi və sahə üzrə peşəkar koordinasiya gələcəkdə daha yüksək nəticələrin əldə olunmasına zəmin yaradır.
Sadiq Qurbanov,
Milli Məclisin deputatı