Ermənistanın taleyi masada, İrəvan seçim qarşısında

"Bakının İrəvanla yekun sülh sazişinin şərtləri bəllidir və bu şərtlərə əməl edilmədən hər hansı yekun sülüh sazişindən danışmaq mümkünsüzdür. Yekun sülhə hazırda ən ciddi maneə isə Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası olan müdəədlardır. Konstitusiya dəyişmədən bölgədə uzunmüddətli və dayanıqlı sülh ola bilməz. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən yeni konstitusiya ilə bağlı səsləndirilən fikirlər regionda gedən siyasi transformasiyanın mahiyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Onun çıxışında əsas diqqət çəkən məqam müstəqillik bəyannaməsinə istinadın yeni konstitusiyada yer almamasının zəruriliyi və bunun “Qarabağ hərəkatı”nın dayandırılması ilə əlaqələndirilməsidir. Bu yanaşma formal olaraq sülh gündəminə uyğun görünsə də, reallıqda daha mürəkkəb və ziddiyyətli geosiyasi kontekstdən qaynaqlanır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Paşinyan açıq şəkildə bildirir ki, bəyannaməyə istinadın saxlanılması Qarabağ məsələsinin davam etdirilməsi anlamına gələcək ki, bu da birbaşa Azərbaycan ilə münaqişənin yenidən alovlanması riskini yaradır. “Bu etiraf, əslində, Ermənistanın hüquqi-siyasi bazasında uzun illər mövcud olmuş və qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edən ideoloji xəttin hələ də tam aradan qalxmadığını göstərir”, - o vurğulayıb.

Konstitusion ziddiyyətlər və ərazi iddiaları problemi

Deputat əlavə edib ki, yeni konstitusiyanın mahiyyəti yalnız daxili idarəetmə mexanizmlərini deyil, həm də dövlətin xarici siyasət prioritetlərini müəyyənləşdirir: “Əgər bu sənəddə dolayısı ilə belə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına işarə edən müddəalar qalarsa, bu, regionda sülh prosesinə ciddi zərbə vuracaq. Bu da öz növbəsində sülh müqavilələrinin hüquqi legitimliyini zəiflədir. qarşılıqlı etimadı aradan qaldırır, regional inteqrasiya layihələrini iflic edir və gərginliyin daimi xarakter almasına şərait yaradır. Ona görə də konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi niyyətlərin indikatorudur. Ermənistanın real niyyəti məhz bu sənəd üzərindən qiymətləndiriləcək

“Dənizdən dənizə Ermənistan” ideyasının təhlükəli mirası

Paşinyanın çıxışında dolayı şəkildə istinad etdiyi “dənizdən dənizə Ermənistan” konsepti tarixən formalaşmış revizionist yanaşmanın təzahürüdür. Bu ideya yalnız regional reallıqlarla ziddiyyət təşkil etmir, həm də Ermənistanın öz milli təhlükəsizliyi üçün risk yaradır.

Bu ideologiyanın saxlanılması isə Ermənistanı regionda təcrid olunmuş vəziyyətdə saxlayır, qonşularla münasibətlərin normallaşmasını bloklayır, xarici güclərin təsir imkanlarını artırır və nəticə etibarı ilə ölkəni geosiyasi alətə çevirir. Beləliklə, bu ideya nəinki region üçün, həm də Ermənistanın dövlətçilik perspektivi üçün təhlükə mənbəyidir. 

Ermənistan üçün seçim: transformasiya, yoxsa tənəzzül

Mövcud vəziyyət Ermənistan qarşısında aydın seçim qoyur. Ya ölkə qonşularının ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyacaq və revanşistideologiyalardan imtina etməklə regional əməkdaşlığa inteqrasiya olunacaq. Ya da davamlı gərginlik və təcrid şəraitində qalaraq xarici güclərin təsiri altına daha çox düşəcək.

Paşinyanın açıqlamaları müəyyən dərəcədə reallığın qəbul edildiyini göstərsə də, bu proses hələ tamamlanmayıb. Yeni konstitusiya Ermənistanın gələcək kursunu müəyyənləşdirəcək əsas sənəd kimi ya sülhün hüquqi təminatına çevriləcək, ya da regionda yeni gərginliklərin başlanğıc nöqtəsi olacaq”.