Bu tarixi bir nailiyyətdir - Deputat yazır

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, suverenliyimizin respublikamızın bütün inzibati ərazi subyektləri üzərində bərpa olunması xalq olaraq, son 200 illik tariximizin ən böyük uğurudur. Bu uğurun, bundan sonra da yüz illər boyu xatırlanacaq, qürur duyulacaq bu tarixi Zəfərin memarı isə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Əldə olunan böyük Zəfərin nəticələrinin qorunması və möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısının diplomatik müstəvidə atdığı addımlar isə bəşər tarixinə qızıl hərflərlə yazılan cəsarət, qətiyyət, uzaqgörənlik nümunəsidir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəştsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan, yaşadığımız zaman çərçivəsində isə dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib xalqlarının həsəd apara biləcəyi milli birliyə nail olmağı bacardı. Bu amil Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qədər mühüm və tarixi bir nailiyyətdir.

Həmçinin unutmaq lazım deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tam qələbəsini təmin etmək üçün həm orduya rəhbərlik edib, həm də ölkəmizin haqq səsini dünyaya çatdırmaq, maraqlarımızı təmin etmək üçün böyük bir axına qarşı həm informasiya məkanında, həm də diplomatiya sahəsində, sözün əsl mənasında, savaşıb və yüz ildən artıq bir zaman kəsiyində dünyanı saran erməni yalanlarını, onların çoxsaylı himayədarlarının total təxribat kampaniyalarını darmadağın edib. Bu baxımdan, İlham Əliyev təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün Türk Dünyasının qəhrəmanıdır.

Milli ruh, vətənpərvərlik ruhu, yüksək mənəvi dəyərlər, sadəcə bir ailənin sərhədləri çərçivəsində mövcud olan, formalaşan anlayışlar deyil. Əgər cəmiyyətdə vətənpərvərlik, cəsarət, Vətənə, Dövlətə, Xalqa sevgi əsas qiymətləndirmə meyarı deyilsə, o zaman milli ruhun, xarakterin formalaşması üçün gərəkli olan mühit, atmosfer də yaranmır. Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır. 44 günlük Vətən Müharibəsi də sübuta yetirdi ki, güclü lideri, birliyi, həmrəyliyi, mübarizə əzmi olan xalqlar ən çətin sınaqlardan belə uğurla, zəfərlə çıxmağı bacarırlar.

Azərbaycan, məhz öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən, üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacarıb.

Yalnız bu fakt Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin əbədi sevgi və qürur mənbəyinə çevrilməsi üçün yetərlidir.

Azər Kərimli

Milli Məclisin deputatı