Yəməndə vəziyyət gərginləşib. 8 dövlətin Yəməndə Husi qiyamını yatırmaq üçün həyata keçirdiyi hərbi əməliyyatlar İranın əks reaksiyasına səbəb olub. Müttəfiqlərə cavab olaraq və husilərə dəstək məqsədilə İran Ədən körfəzi yaxınlığına hərbi gəmilərini göndərmək qərarını verib. Misir və Səudiyyə Ərəbistanı isə İranın qiyamçılara dəstəyinin qarşısını almaq üçün döyüşlərin qızğın getdiyi Ədən ətrafında barrikadalar qurublar. Körfəz tamamilə koalisiyanın nəzarəti altındadır. Səudiyyə Ərəbistanın lideriyiylə BƏƏ, Qətər, Bəhreyn, İordaniya, Sudan, Küveyt, Misir və Mərakeşin təşkil etdiyi koalisiya qarşısında İranın qiyamçılara dəstəyi məhduddur. Digər tərəfdən ABŞ koalisiyaya dəstək verir. Amerika maraqlarına cavab verən Hadi hökumətinin devrilməsində maraqlı deyil. Digər tərəfdən Amerika birmənalı olaraq, Yəməndə İrana loyal münasibəti olan qüvvələrin hakimiyyəti ələ keçirmələrinə qarşıdır. Baş verən qiyamda məzhəb məsələsini qabardan Amerika sünni ölkələrdən koalisiya yaradaraq Yəmənə yeritməsi də İrana etiraz deməkdir.
Səudiyyə Ərəbistanından əhəmiyyətli addım
Husilərin lideri Əbdülmalik əl-Husi Yəməndə sünni və şiələrdən ibarət
koalision hökumətin yaradılmasında maraqlıdır. Rejim başçısı Mənsur Hadi
isə təklifi rədd edir. Çünki əl-Husi ondan həm də istefa verməsini
istəyir. Başda Səudiyyə Ərəbistanı olmaqla koalisiyaya qoşulmuş digər
müsəlman ölkələri və Qərb də bunun mümkünsüzlüyünə diqqət çəkirlər.
2014-cü ilin sentyabrında Hadi hökuməti husilərin iqtisadi tələblərinin
müəyyən hissəsini yerinə yetirdi. Lakin husilər bunun qeyri-kafi
olduğunu bildirərək, mübarizəyə başladılar. Sənada keçirilən etiraz
aksiyasında təhlükəsizlik qüvvələrinin bir neçə nəfəri qətlə yetirməsi
böhran vəziyyəti yaratdı. Ölkədə sabitlik yaratmaq istəyən hökumət
husilərin bu dəfəki tələblərini də yerinə yetirərək, baş nazir Camal
Benomeri istefaya göndərdi. Lakin zaman-zaman kənardakı güclər
tərəfindən qızışdırılan husilər yenidən mübarizəyə başladılar. Paytaxt
Səna şiə qiyamçıları tərəfindən ələ keçirilən kimi Səudiyyə Ərəbistanı
bunu "qırmızı xəttin keçilməsi” adlandıraraq Yəmənə ordu yeritdi.
Ər-Riyadın belə bir qərara getməsinə səbəb husilərə İran tərəfindən
dəstəyin verilməsi idi. Səudiyyə İraq və Suriyadan sonra Yəməndə də
İranın mövqe qazanmasına icazə verməyəcək. Yəməndə əməliyyatlara
başlamaqla və ölkə ətrafında güclü nəzarət mexanizmi yaratmaqla Səudiyyə
bölgədə İrana qarşı əhəmiyyətli addım atdı. Suriya və İraqda İranın
varlığını qəbul etməyən Ər-Riyadın Yəməndə belə bir qərara gedəcəyi
gözlənilən idi. Bölgənin söz sahibi olan Səudiyyə Ərəbistanının İranının
qarşısının almaq cəhdləri Yəməni dağıdıcı məzhəb qarşıdurmasına
sürükləyəcək. "Ərəbistan yarımadasının əl-Qaidəsi” kimi tanınan AQAP-ın
proseslərə müdaxilə cəhdləri isə hadisələrə daha öldürücü tezislər əlavə
edir.
Amerika qiyamı tanıya bilər?
ABŞ rəhbərliyi Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya kəşfiyyat
dəstəyi verir. Bir müddət əvvəl İranla razılaşdığını elan edən ABŞ
Yəməndə baş verən qiyamla yeni fürsətlər əldə edə bilər. Belə ki, şiə
husilərə qarşı sünni koalisiyası yaradan Amerika bu məsələnin davam edən
nüvə danışıqlarında İran tərəfindən müzakirə masasına yatırılacağını
gözləyəcək. Lakin Amerikanın birtərəfli şəkildə qiyamı tanımayacağı
bəllidir. Ən yaxşı halda digər şərtlərinin yerinə yetirilməsi
qarşılığında ABŞ Yəməndə şiə və sünnilərdən ibarət koalision hökumətin
yaradılmasına razı ola bilər. Hələlik isə, Yəməndə baş verən proseslərdə
Qərb və Ərəb koalisiyası tək qalmış İrandan daha güclüdür. Amma baş
verənlərin nüvə danışıqları prosesinə yönəldilməsi də gözəniləndir.
Mənsur Rəğbətoğlu