Cəbrayıla həyat qayıdıb  

Yerli sakinlər Cəbrayılda yaşayırlar, amma onlar erməni vəhşiliyini heç vaxt unutmayacaqlar…

 Ermənistan silahlı qüvvələri 1993-cü ilin avqustun 23-dən 2020-ci ilin oktyabrın 4-ə kimi Cəbrayıl rayonunu işğalda saxlayıblar. 27 il ərzində Cəbrayıl və cəbrayıllılar olmazın əziyyətin çəkiblər. Ermənistan öz simasını Cəbrayılda da göstərib. Cəbrayıldakı dağıntılara baxanda Ermənistanın vandalizm xisləti də açıq-aydın görünür. Statistik məlumatlar da hər şeyi deyir. Belə ki, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılda işğal zamanı dağıntılar təkcə bununla bitmir. Ermənistan öz düşmənçiliyini təkcə insanlara deyil, daşa divara da edib. Çünki məqsəd Cəbrayılda Azərbaycan tarixini və izini itirmək olub. Ona görə də erməni vandalizmi 27 ərzində sürəkli şəkildə davam etmişdir. Bunu yalnız Ermənistan edə bilərdi. Dünya tarixdə heç bir işğal zamanı belə vandalizm əməllərinə rast gəlinməyib. Artıq Ermənistan ifşa olunub. Dünya birliyi erməni vandalizmindən şoka düşüb. 2020-ci ilin 4 oktyabrında Azərbaycan ordusu Cəbrayıl rayonunu işğaldan azad etdikdən sonra erməni vandalizmi daha çox aşkarlandı. Dağıdılan abidələri, kəndləri, infrastrukturu görən hər kəs heyrətə gəlirdi. Azərbaycan ordusu böyük şücaət götərərək Cəbrayıl uğurunda döyüşmüşdür. Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Cəbrayıl əməliyyatının mürəkkəbliyindən və əhəmiyyətindən də danışmışdır.  Prezident demişdir ki, düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Azərbaycan əsəgər və zabitləri bu fədakarlığı göstərmişdir. Onlar canı və qanı bahasına bu torpaqlar uğurunda savaşmışdır. Dövlətimizin başçısının sözlərinə görə, Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur: “Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü”.

Cəbrayıl işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə 2020-ci ilin noyabrın 16-da bura səfər ediblər. Bu səfər çərçivəsində Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Diqqət çəkən və maraqla qarşılanan Cəbrayıla gedərkən avtomobili Prezident İlham Əliyevin özünün idarə etməsi olub. “Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir”, - deyə dövlətimizin başçısı yol gedərkən bildirib.

Xüdəfərin körüpüsü Araz çayı üzərində, Azərbaycan-İran sərhədindədir. Bu körüpü Azərbaycanın tarixi incisidir. Cənab Prezidentin və birinci xanımın Xudafərin körpüsünə getdiyi anlar tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. İlk dəfə idi ki, müstəqil Azərbaycanın Prezidenti bu körpüdə olur və bayrağımız qaldırır.

Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsündən birbaşa Cəbrayıl şəhərinə getmişdilər. Xalqımızın uzun illər həsrətində olduğu anları yaşmışdır. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırmışdır. “Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev xalqımızla öz sevincini bölüşmüdür.

Artıq Cəbrayılın yeni böyük baş plan təsdiq edilib. Baş plana uyğun olaraq rayonda bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılıb. Küçələr salınıb, parklar, xiyabanlar salınıb. İşğaldan azad olunan digər rayonlar kimi Cəbrayılda da qələbə abidəsinin ucaldılması baş plana salınıb. Cəbrayıla həyat qayıdıb. Yerli sakinlər burada yaşayırlar, amma onlar erməni vəhşiliyini heç vaxt unutmayacaqlar…

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent