Cozep Borrellin erməni sevgisi Cənubi Qafqazda gərginliyin artmasına xidmət edir

Fevralın 12-də Ermənistanın şərti sərhəddə törətdiyi təxribatın əsas məqsədlərindən biri Avropada Azərbaycana qarşı kampaniyanı gücləndirmək, beynəlxalq təşkilatların rəsmilərindən ölkəmizə təhdid dolu çıxışlar “qoparmaq” idi. Deyəsən, ermənilər istəklərinə müəyyən qədər nail oldular. Fevralın 13-də Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə əsassız iddialar səsləndirməsinin şahidi olduq. Belə ki, C.Borrell hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırdı. Beş aylıq sabitlikdən sonra hərbçimizin snayperlə vurulması ali nümayəndəni narahat etmədi. Əksinə, o, Azərbaycanı Ermənistana qarşı ərazi iddiaları irəli sürməkdə ittiham etdi. Bütün bunlar deməyə əsas verir ki, ermənilərin sərhəddəki təxribatı Aİ rəsmisinin ölkəmizə qarşı qərəzli çıxışı üçün bəhanələr yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Aİ-nin ali nümayəndəsi Cozep Borrellin Brüsseldə Azərbaycana qarşı səsləndirdiyi ittihamlarını şərh edərkən söyləyib.

O bildirib ki, Cozep Borrellin Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olması və silahlı qüvvələrin geri çəkilməsinə dair təklifi gülüş doğurur. Ermənistanın Azərbaycanla şərti sərhədyanı bölgələrində “xidmət” aparan Avropa İttifaqı missiyası, əslində, pensiyaya çıxmış polis və hərbçilərdən ibarətdir. Onlar Ermənistana muzdla xidmət göstərirlər. Bu isə Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına ciddi təhdiddir.

Deputatın sözlərinə görə, C.Borrellin digər səhvi Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməniəsilli sakinləri qaçqın kimi qələmə verməsi və mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsidir. O, yaxşı bilir ki, Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalmaları üçün müraciətlər edib. Müşahidələr göstərir ki, bəzi avropalı siyasətçilər Azərbaycana qarşı münasibətdə ermənilərdən daha sərt və qərəzli mövqedədirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüsləri fonunda Cozep Borrellin ermənipərəst mövqe tutması Azərbaycan-Aİ münasibətlərində uçurum yaradır. Belə olan təqdirdə, Brüssel Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarda qala bilər.

“C.Borrell dəfələrlə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olmasına dair fikirlər səsləndirib. Halbuki Azərbaycanın rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, başqa ölkələrin torpağında gözümüz yoxdur. Bizim Zəngəzur dəhlizi ilə bağlı tələblərimizi ərazi iddiası kimi qəbul edən avropalı siyasətçilər, əslində, ermənilərin ağzı ilə danışırlar. Onlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın Mehri rayonunu tutacağını bildirirdilər. Bəyanatda əksini tapan bu müddəa – kommunikasiyaların açılması Ermənistan tərəfindən öhdəlik kimi götürülüb. “Dəhliz” sözündən qıcıqlanan İrəvanın cığallığı və öhdəliklərindən imtinası nəticəsində Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılmasına dair Tehranla razılığa gəldi. Bu da Aİ-nin maraqlarına cavab vermir.

C.Borrellin digər məqsədi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının məhz Brüsseldə keçirilməsinə nail olmaqdır. Bakı və İrəvan sülh sazişinə dair təkliflərini vasitəçisiz bir-birilərinə təqdim edirlər. C. Borrell siyasi fəaliyyətə başladığı İspaniyada Kataloniyanın separatçı rejiminə qarşı apardığı mübarizənin cüzi hissəsini 30 il ərzində erməni separatçılarına qarşı aparsaydı, daha ədalətli görünərdi. Onun Qarabağ separatçılarına belə sevgi-məhəbbəti təəccüb doğurur”, - deyə komitə sədri vurğulayıb.

T.Mirkişili hesab edir ki, Azərbaycanın hər bir erməni təxribatına sərt cavab verməsi və hərbi eskalasiyanın genişlənməsinin qarşısını alması Avropadakı bəzi ölkələri və beynəlxalq təşkilatları narahat edir. C.Borrelin və onun dostlarının ermənilərə olan “sevgiləri” Cənubi Qafqazda gərginliyin davam etməsinə və Aİ-nin buradakı proseslərə müdaxiləsinə şərait yaratmağa hesablanıb. Azərbaycan buna imkan verməyəcək.