"Deputat olmaq imtiyazdan daha çox məsuliyyət və gərgin iş rejimi deməkdir" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Ramin Məmmədovun “Sabahinfo.az” saytına müsahibəsi

-Ramin müəllim yeni seçilən deputatlar arasında yer alırsınız. Deputat olmaq necə bir hissdir?

-Hər şeydən əvvəl böyük məsuliyyətdir, eyni zamanda şərəfdir. İnsanların etimadını qazanaraq onları parlamentdə təmsil etmək kifayət qədər ağır məsuliyyətdir. Parlament üzvünün fəaliyyət sferası çoxşaxəlidir. Ölkəni xaricdə təmsil etmək, eyni zamanda vətəndaşların problemlərini, qayğılarını öyrənmək, həllinə çalışmaq, qanun yaradıcılığı prosesində fəal iştirak etmək, bütün bunların hər biri ayrı-ayrılıqda ciddi fəaliyyət sahələridir. Lakin Azərbaycan dövlətinin gücü, artan nüfuzu, yüksələn hərbi qüdrəti, genişlənən iqtisadi imkanlarını bizim fəaliyyətimizin səmərəliliyinə təsir edən başlıca amillərdir. Çünki, dövlət nə qədər güclüdürsə, vətəndaşların çətinliklərini aradan qaldırmaq bir o qədər rahat olur. Vətəndaşların problemlərini həll etmək, çətin məqamlarda onların yanında olmaq insana xüsusi zövq verir. Bu baxımdan, hesab edirəm ki, deputat olmaq imtiyazdan daha çox məsuliyyət və gərgin iş rejimi deməkdir.

-Bildiyimiz qədərincə seçicilərinizlə aktiv fəaliyyət yürüdürsünüz. Maraqlıdır Ramin Məmmədovun seçicilərinin nə kimi problemi var?

-İlk növbədə onu qeyd etmək istərdim ki, bu gün bizə edilən müraciətlərin böyük əksəriyyəti həlli mümkün olan problemlərlə bağlı olur. Daha öncə də vurğuladığım kimi, Azərbaycan dövlətinin gücü, çevik idarəetmə mexanizmi, həyata keçirilən davamlı islahatlar br çox irimiqyaslı problemləri həll etməyə imkan verib. Dövlət tərəfindən insanların həyatının rahatlığının təmin olunması üçün bütün mümkün tədbirlər görülür. Lakin heç şübhəsiz ki, həllini gözləyən məsələlər hər zaman olur. Daha çox sosial, səhiyyə, infrastruktur məsələri ilə bağlı çətinliklərlə əlaqədar müraciətlər alırıq. Əsas məqam ondan ibarətdir ki, dövlət qurumlarına ünvanlanan müraciətlərimziə mümkün qədər operativ reaksiya verilir. Qanunvericlik çərivəsində müraciətlərin əksəriyyəti müsbət həll olunur.

-Vətən müharibəsi arxada qaldı. Artıq yeni planlar yeni strategiyamız var. Siz Qarabağın gələcəyi barəsində necə düşünürsünüz?

-Azərbaycan Vətən Müharibəsində tarixi qələbəyə imza atıb. Fikrimcə, zaman keçdikcə biz bu qələbənin hərbi və siyasi miqyasını daha aydın təsəvvür edə biləcəyik. Çünki bəzi hadisələrin məğzinin daha aydın qavranılması üçün vaxta ehtiyac olur. Azərbaycan regionda tamamilə yeni təhlükəsizlik formatı yaradıb. Eyni zamanda, regionda yeni əməkdaşlıq zənciri formalaşır. Bu baxımdan, Vətən müharibəsində əldə olunmuş qələbə yalnız hərbi, siyasi və tarixi aspektdən deyil, həm də yaratdığı yeni iqtisadi reallıqlar kontekstində qiymətləndirilməlidir. Bir çox ekspertlər də bu fikri xüsusi olaraq vurğulayır ki, hərbi əməliyyatların nəticəsi bütün Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini tamamilə dəyişib. Bu dəyişikliyin memarı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Biz indi tamamilə fərqli bir mərhələyə qədəm qoymuşuq. Hesab edirəm ki, Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işləri Azərbaycanın gücünü, nüfuzunu daha da artıracaq. Bizim gələcəyə optimist baxmaq üçün bütün əsaslarımız var: iqtisadi potensialımız, güclü ordumuz, beynəlxalq münasibətlər sistemində aydın və qəti mövqeyimiz, milli birliyimiz. Şəxsən mən belə düşünürəm ki, bizim çoxəsrlik tariximizdə hər bir dövlətin, xalqın inkişafı üçün vacib olan bu mühüm elementlərin biri-birini tamamladığı ikinci bir zaman kəsimi tapmaq mümkün deyil.

-Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu yaradıldı və ilk nümayəndə də məhz Şuşa şəhərinə təyin olundu. Bu hadisənin əhəmiyyətini necə qiymətləndirərdiz?

-Hələ Vətən Müharibəsinin davam etdiyi günlərdə cənab Prezident öz müsahibələrinin birində jurnalistin sualına cavab olaraq bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şuşa bütün Azərbaycan xalqı üçün, dünya azərbaycanlıları üçün tarixi, mədəni, siyasi əhəmiyyəti izah olunmayacaq dərəcədə yüksək olan bir şəhərdir. Təsadüfi deyil ki, dövlət başçımız Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı adlandırır. Şuşanın işğaldan azad olunması bizim üçün milli qürur məsələsi idi. Şuşa bizim təhtəlşüurumuzda qələbənin, milli özünüdərkin rəmzi kimi qavranılır. Bu baxımdan, Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq məhz Şuşaya təyin olunması özü-özlüyündə həm bizim cəmiyyətimizə, həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə çox ciddi mesaj verir. Əminəm ki, çox qısa vaxt ərzində Şuşa nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək. Azərbaycan Prezidentinin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözləri bu gün hər birimizin dilinin əzbəridir. Bu sözlər bütün azərbaycanlıların Şuşaya münasibətinin, tarixdən gələn, milli yaddaşımıza hopmuş dərin sevgisinin ifadəsidir.

-Diaspora siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətiniz olub. Sizcə bu gün Azərbaycanın diaspora siyasəti necə həyata keçirilir? Bu sahədə olan problemlər nədən ibarətdir?

-Diaspor daim inkişaf edən, təkmilləşməyə, yeniləşməyə ehtiyac duyan bir anlayışdır. Bu baxımdan, əlbəttə ki, ötən müddətdə ümummilli liderimiz Heydər Əliyevin, daha sonra isə cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun inkişafı, güclənməsi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi istqamətində mühüm addımlar atılıb. Bu gün də proses uğurla davam etdirilir. Diaspor artıq beynəlxalq münasibətlərin mühüm elementlərindən biri kimi qəbul olunmaqdadır. Yeni dövrün yeli reallıqları, yeni çağırışları var. Mənə elə gəlir ki, Azərbaycan diasporu, xaricdə yaşayan vətənpərvər soydaşlarımız, bu sahədə dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi bu çağırışlara adekvat reaksiya verir. Eyni zamanda, hesab edirəm ki, beynəlxalq münasibətlərin təbiətindən irəli gələn, müxtəlif dövlətlərin geosiyasi, iqtisadi və digər maraqlarından qaynaqlanan bəzi problemlərin məsuliyyətini də diasporun üzərinə qoymaq doğru yanaşma deyil. Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində müxtəlif səbəbələrdən məskunlaşmış, tamamilə fərqli ictimai-siyasi reallıqlara uyğunlaşaraq yaşayan, fərqli hüquq sistemləri qarşısında vəzifə və məsuliyyətləri olan insanlardan təşkil olunub. Lakin bəzən diaspordan mümkün olduğundan daha çoxunu gözləyən yanaşmaları müşahidə edirik. Hesab edirəm ki, bu gün Azərbaycan diasporu öz imkanları daxilində milli maraqlarımızın müdafiəsi, həmrəyliyimizin güclənməsi naminə maksimum səmərəli fəaliyyət göstərməyə çalışır. Azərbaycan dövləti qarşısında heç bir hüquqi məsuliyyəti, bağlılğı olmayan insanların fədakarlığı ən yüksək qiymətə və böyük hörmətə layiqdir.