Deputat Qazax səfərindən yazdı

Son 2 gün ərzində Qazax rayonunda səfərdə oldum. Azərbaycanın tarix və mədəniyyət mərkəzlərindən biri kimi Qazax milli söz sənətkarlığımızın heç vaxt tükənməyən zəngin çeşməsidir. Burada açıq qəlbli, aşıq ruhlu, şair ürəkli səmimi insanlar yaşayır. 

Qazax 10 il əvvəl gördüyüm Qazax deyil. O başdan başa dəyişib, böyüyüb, gözəlləşib. Şəhər təmiz və səliqəli küçələri, geniş və yaşıl parkları, yeni səliqəli tikililəri ilə göz oxşayır. Şəhərin gecə işıqlandırılması ona xüsusi bir gözəllik verir. Bütün Qazaxlı dostlarımı belə gözəl şəhərə sahib olduqlarına görə təbrik edirəm.

Qazaxda Bakı Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Yeni məktəblər, uşaq bağçaları və daha bir yeni litsey açılıb. ADA Universitetinin rektoru, çox hörmətli professor Hafiz Paşayevin təşəbbüsü ilə Qori müəllimlər Seminariyasının binası öz tarixi məkanında bərpa olunub və ADA Universitetinin Qazax Mərkəzi kimi fəaliyyətə başlayıb. 

Qazax tarix-diyarşünaslıq muzeyində və Ədəbiyyat muzeyində olduq. Hər iki muzeyin rəhbərləri bizi sevinclə, gülərüzlə qarşılayıb muzeyin eksponatları ilə tanış etdilər. Onlar öz təqdimatlarını elə böyük həvəslə, elə böyük qürur və iftixar hissilə edirdilər ki, onların öz dogma şəhərlərinin tarixi və mədəniyyəti ilə fəxr etdiklərini sezməmək mümkün deyildi.

Daha sonra Qazax şəhərinin mərkəzində geniş bir park ərazisində salınmış Şəhidlər Xiyabanını ziyarət etdik. Ardınca 11 aprel hadisələri zamanı şəhid olmuş hərbçimiz Elşad Həsənovun Ağstafa rayonunda keçirilən yas mərasimində iştirak etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazaxda sement və gips zavodları kimi yeni sənaye-istehsal müəssisələri fəaliyyətə başlayıb. Odur ki, bölgədə işsizlik problemi demək olar ki, yoxdur. 

Bu gün Qazax rayonunun mərkəzində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik və daha sonra Qazax Gənclər Evində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda rayon ictimaiyyəti ilə görüş keçirildi.

Çoxsaylı yaxın dostlarımın dogma şəhərində unudulmaz iki gün yaşadıq. Səfərin təşkilatçıları çox hörmətli həmkarım Səməd Seyidova və Qazax rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Rəcəb müəllimə dərin minnətdarlığımı bildirirəm.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı