Deputat qazilərlə görüşdü

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Naftalan şəhəri və Goranboy rayonundan olan Vətən müharibəsi qaziləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə qazilər, rayon ağsaqqalları və ziyalıları, rayon ictimaiyyəti iştirak edib.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

YAP Goranboy rayon təşkilatının inzibati binasında keçirilən görüşdə deputat qaziləri salamlayaraq Vətən müharibəsi zamanı onların göstərdikləri fədakarlığa dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb. Anar Məmmədov 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi rol oynadığını qeyd edib. 

Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daimi olacağını bildirən deputat Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb, Yaşat Fondunun və digər qeyri-hökümət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb. 

Anar Məmmədov bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunub.

Sonda Anar Məmmədov qazilərlə birlikdə şam edib.