Dost, qardaş münasibətlərindən strateji əməkdaşlığa doğru

Müstəqil Azərbaycan, müstəqil Qazaxstan ulu əcdadlarımızın arzusu, bugünkü nəsillər üçün qürur qaynağı, gələcək nəsillər üçün müqəddəs əmanətdir. Tariximizə nəzər salsaq, Qazaxstan-Azərbaycan münasibətləri əslində çox böyük dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Mehriban qonşuluq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə bu gün də uğurla davam etdirilir. Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib.

Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Prezident cənab İlham Əliyevin Qazaxstana rəsmi səfəri çərçivəsində Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir

  Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Səfər çərçivəsində Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Orta Dəhlizlə bağlı da vacib qərarlar qəbul edildi. Belə ki, Şərq-Qərb istiqamətində vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və Orta Dəhliz vasitəsilə bütün infrastrukturların birləşdirilməsi haqqında razılıq əldə olundu.

Cənab Prezidentin Qazaxstan Respublikasına səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək. Xalqlarımızın, ölkələrimizin rifahı üçün çox böyük addımlar atılacaqdır.

Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı