Dövlətinə və xalqına bağlılığın təqdimatı

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu tarixi Zəfəri ilə dünyaya nümayiş etdirən Azərbaycan hazırda yeni mərhələni uğurla yaşayır. Bu mərhələ yeni reallıqların qəbul etdirilməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızın mərhələli şəkildə dogma yurd-yuvalarına qayıdışıdır. Xalqımız tam əmindir ki, bu mərhələni də yüksək səviyyədə başa çatdıracaq, tarixi sahibinə qovuşmuş torpaqlarımızda yeni həyat başlayacaq.

Möhkəm təməl uğurların açarıdır. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ən yaxın silahdaşı Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin davamlı inkişafının təmin edilməsində böyük əməyi vardır. Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanın bütün sahələrdə inkişafına xidmət edən layihələri nəinki ölkə daxilində, hüdudlarından kənarda yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın əsas amalı, məqsədi Azərbaycanın beynəlxalq aləmdə zəngin tarixə, dəyərlərə malik olan, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasıdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərin hər biri Azərbaycanın bu və ya digər sahədə təqdimatıdır. Müxtəlif dinlərin, mədəniyyətlərin bir araya gətirilməsinə xidmət edən layihələrin uğurlu icrası göz önündədir. Dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ildə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi xalqımız üçün qürurverici hadisə oldu. Möhtərəm Prezidentimiz Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən geniş bəhs edərək bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır… Bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.” Mehriban xanım Əliyevanın həmin iclasda Azərbaycanın Birinci vitse-prezidenti kimi söylədiyi “İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” fikirləri həm fəaliyyətinin dünəni, bu günü, həm də gələcəyi üçün prinsiplərini açıqladı. Mehriban xanım Əliyeva xeyirxahlığın, mərhəmətin ünvanı kimi nüfuz qazanıb. Onun istər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, istərsə də dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin dərinləşdiyi bir dövrdə xalqa müraciətlərinə diqqət yetirdikdə xalqa, dövlətə böyük sədaqətin, sevginin, insanlara qayğının şahidi olur, hər bir fikrinin arxasında birliyimizə, həmrəyliyimizə çağırışın dayandığını görürük. Məhz bu mənəvi dəstəyin insanlarda yaratdığı xoş ovqat, özünəinam həm tarixi Zəfərimizdə, həm də koronavirus infeksiyası ilə mübarizədən uğurla çıxmağımızda özünün aydın ifadəsini tapdı. Mehriban xanım Əliyevanın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə arzusu, duası bu oldu: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı.Qarabağımız, Şərqi Zəngəzurumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, rəşadətli Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir. Mədəniyyət paytaxtımız Şuşa 28 ildən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. İşğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası işini Heydər Əliyev Fondu uğurla həyata keçirir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti barədə günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyəti ümumilikdə Vətəninə və xalqına bağlılığının təqdimatıdır. Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülməsi özündə bütün məqamları ehtiva edir. Xalqın Mehriban xanım Əliyevaya sevgisi, etimadı sonsuzdur. Mehriban xanım Əliyevanın xalqa hər bir müraciətində “Sizin MEHRİBAN” imzası bu sevginin vəhdətinin təqdimatıdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması naminə fəaliyyətində uğurlar arzulayıram.

Əliabbas Salahzadə

Milli Məclisin deputatı