Əbədiyaşar Lider

Azərbaycan xalqı müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Ulu Öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
Ulu Öndər real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.
Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, həmçinin dövlət başçısının 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 maddədən ibarət “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsini yaradır.
Bu gün hər birimiz müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevi hörmətlə və minnətdarlıqla anırıq. Əbədi yaşar Lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman ürəyi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq.

Əminə Ağazadə 
Milli Məclisin deputatı