Elçin Mirzəbəyli: “Hər üç dövlət münaqişələrdən istifadə etməyə çalışır”

"ATƏT-in Minsk qrupunun tərkibin dəyişməsi çoxdandır müzakirə olunur. Burada Almaniya və Türkiyənin adının daha çox çəkilməsi isə heç də təsadüfi deyil”. Bu sözləri politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Almaniyanın Minsk qrupuna həmsədrlik məsələsi ölkə başçısı cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı Almaniya kansleri Anjela Merkel tərəfindən də ifadə olunub: "Türkiyə isə bu prossesdə hər zaman fəal iştirak etmək niyyətini biruzə verib. Heç şübhəsiz ki, Türkiyən bu proseslərdə iştirakı məsələnin daha ədalətli şəkildə həllinə səbəb ola bilər. İndiki şəraitdə düşünürəm ki, ATƏT-in  Minsk qrupuna həmsədrlik edən dövlətlər prosesə əlavə güclərin cəlb olunmasına imkan verməyəcəklər. Faktiki olaraq bu gün hər üç dövlət regionda olan münaqişələri özlərinin geosiyasi maraqlarının təmin olunması üçün vasitə seçir və mütəmadi olaraq bu münaqişələrdən istifadə etməyə çalışır. Prosessə əlavə dövlətlərin cəlb olunması faktiki olaraq onların manevr imkanlarını məhdudlaşdıra bilər. Qənaətimə görə bütün cəhdlərlə çalışacaqlar ki, bu proses iflasa uğrasın. İndiki şəraitə yeganə çıxış yolu ümumiyətlə ATƏT-in Minsk qrupu formatından imtina etmək və tamamilə yeni bir formatla prosesin tənzimlənməsinə imkan yaratmaqdan ibarətdir”.