Əliabbas Salahzadə: Qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər 2021-ci ilin uğurlarının aydın mənzərəsini təqdim edir

Milli Məclisin deputatı Əliabbas Salahzadə 2021-ci ilin sosial, iqtisadi, siyasi və diplomatik uğurlarından geniş bəhs edərək bildirib ki, bu il tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqi kimi xarakterizə oluna bilər: “Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri 2021-ci ildə geniş vüsət aldı. İnfrastruktur layihələri uğurla icra edilir. Hər bir şəhərin Baş Planı  təqdim edilir. Dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq öz tarixi sahibinə qovuşmuş torpaqlarımız müasir tələblərə uyğun şəkildə bərpa edilir. Zəngilan rayonunun Ağalı kəndlərində “ağıllı kənd” layihəsi çərçivəsində bərpa və quruculuq işlərinə başlanıldı və gələn ilin əvvəllərində sakinlərini qarşılayacaq.  Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi fonunda Azərbaycanın gələcək iqtisadi inkişafının aydın mənzərəsini yaradır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri tarixi hadisə olmaqla Böyük Qayıdışı daha da yaxınlaşdırır”.

Əliabbas Salahzadə qeyd edib ki, ölkəmizin iqtisadi qüdrəti işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlarda da özünü təsdiqləyir: “Təkcə dövlət başçısı İlham Əliyevin 2022-ci ilin ilk sosial paketində əksini tapan Fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Azərbaycan sosial dövlət imicinə yeni əlavələr edir. Məhz bunun nəticəsidir ki, ölkəmizin yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir”.

“Azərbaycanın dünyanın cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirməsi yönümündə atdığı adddımlar da malik olduğumuz iqtisadi və maliyyə imkanlarımızın təqdimatıdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki,  Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib.  Həmçinin yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Məqsəd bütün ölkələrin koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxmasına dəstək olmaqdır. Onu da qeyd edək ki, bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib”,- deyə millət vəkili vurğulayıb.

Ə.Salahzadə 2021-ci ildə  Azərbaycanın xarici siyasət uğurlarının da genişmiqyaslı olduğunu bildirib: “Diplomatik uğurlarımız davamlı olub. Belə ki, bu ilin yanvarında Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabrda Soçi görüşləri, eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə ölkə Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü, əldə edilən  nəticələr ölkəmizin ədalətli mövqeyinin təsdiqidir. 10 noyabr 2020-ci il Bəyanatında əksini tapan müddəalar həyata keçirilir. Artıq göründüyü kimi, dünya gücləri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyn təmin edilməsinə öz töhfələrini verməkdə maraqlıdırlar”.

“Cari ilin uğurlarına qısa baxış 2022-ci ilin aydın mənzərəsini yaradır” söyləyən millət vəkili qeyd edib ki, Azərbaycanın zamanın tələblərinə uyğun atdığı addımlar, dövlət başçısı İlham Əliyevin gələcəyimizə yönələn təkmil islahatları hər bir ili uğurla başa vurmağa və yeni hədəflər müəyyənləşdirməyə əsas verir. 2022-ci ilin dövlət büdcəsi də bu kimi məqamları özündə ehtiva edir.

Əliabbas Salahzadə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olduğumuzu önə çəkərək birliyimizin, həmrəyliyimizin qazanılan uğurlarda böyük rolu olduğunu xüsusi qeyd edib: “Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Bu gün bu birliyimizə, həmrəyliyimizə söykənərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərə uğurla nail olacağımıza, Azərbaycanın qalib ölkə kimi mövqeyini daha da möhkəmləndirəcəyinə əminik. Hər yeni il ötən ilin uğurlarına yenilərini əlavə etməklə tariximizin zəfər səhifələrini daha da zənginləşdirir”.