Elman Məmmədov: “Məsələ kifayət qədər aydındır”

"Təbii ki, Nullandın ikili mövqeyi nəzərlərimizdən yayınmadı. Belə ki, bu xanım Azərbaycanda səfərdə olarkən kəlbəcərli girovların qaytarılması ilə bağlı mövqeyini bildirsə də, Ermənistanda tamamilə ayrı mövqedən çıxış etdi”. Bu fikirləri millət vəkili Elman Məmmədov ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nullandın kəlbəcərli girovların azad edilməsi ilə bağlı Ermənistan rəhbərliyinə müraciət edəcəyini vəd etməsindən sonra onun İrəvan səfərində qondarma erməni soyqırımı abidəsini ziyarət etməsinə münasibətini bildirərkən deyib.
Millət vəkili bildirib ki, Nulland ya bilərəkdən, ya da bilməyərəkdən İrəvanda "sərhəd” ifadəsini işlədib: "Hələ ona məlum deyil ki, azərbaycanlıların ermənilər tərəfindən girov götürüldüyü ərazi məhz Azərbaycan torpağıdır. Soydaşlarımız heç bir dövlətin sərhəddini pozmayıblar. Sərhəddi pozan təcavüzkar Ermənistandır ki, neçə illərdir torpaqlarımızı işğal ediblər. Müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların rəsmilərinin 20 ildən çox bir zamanda səsləndirdikləri bəyanatları, fikiləri boş söz yığımından başqa bir şey deyil”. Elman Məmmədov həmçinin bldirib ki, bu kimi siyasilər işlətdikləri ifadələrində, verdikləri bəyanatlarında nə qədər saxtakar, riyakar olduqlarını dəfələrlə sübut ediblər: "ATƏT-in Minsk qrupunun fəaliyyətinə gəlincə, bunlar Minsk qrupu deyil, Yerevan qrupu adı ilə çıxış etsə daha yaxşı olar. Belə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və hörmətlə yanaşdıqlarını dilə gətirsələr də, əməllərində hər zaman bunun tam əksini görmüş oluruq. Bunlar ərazi bütövlüyümüzün təmin olunması üçün bu illər ərzində heç bir müsbət işə imza atmayıblar. İşğalçıya qarşı heç bir cəza, sanksiya tədbiq edilməyib, əksinə dəstəkləyiblər, havadarlıq ediblər”.
Elman Məmmədov eyni zamanda vurğulayıb ki, Ermənistanda qondarma soyqırım abidəsini ziyarət etməklə Nulland birbaşa ermənilərə dəstək vermiş oldu: "Uydurma soyqırımı tanıyan, hörmətlə yanaşan bu xanım görəsən rəsmi Bakı səfərində Xocalı abidəsini niyə və hansı səbəbdən ziyarət etməyib? Fikrimcə məsələ kifayət qədər aydındır”.