Ən qısa zamanda Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq 

“Ermənistan başqasının əlində alət olub bölgədə gərginliyi davam etdirib, sülhə mane olub, vaxt itkisinə yol verməkdənsə, nə qədər gec deyil Azərbaycanın şərtlərini qəbul edib sülh sazişi imzalasa daha yaxşı olar. Ermənistanın üzləşdiyi vəziyyətdən ən yaxşı çıxış yolu da elə Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalmaqdır. Onların bundan başqa alternativi yoxdur. Bunu son günlərdə baş verən hadisələr bir daha sübut edir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Ətraflı

 

Onun sözlərinə görə, Azərbaycan bölgədə sülhün təmin edilməsi istiqamətindəki mövqeyində israrlıdır və heç bir qüvvə buna mane ola bilməyəcək: “Vaxt uzatmağa cəhd edilə bilər. Lakin buna heç kim mane ola bilməz. Laçın yolunda separatçıların qanunsuz və təxribatçı fəaliyyətlərinin qarşısının alınması istiqamətində atılan addımlar bunu bir daha sübut edir. Artıq Xankəndidəki separatçıların bütün yolları kəsilib. Onların iki yola qalıb - ya Azərbaycan vətəndaşlığını qəbul edib, qanunları çərçivəsində yaşayırlar, ya da bu əraziləri tərk edirlər. Bundan başqa yol yoxdur”.

Deputat əlavə edib ki, əgər onlar başqa fikrə düşərlərsə, Azərbaycan ordusu hazır vəziyyətdədir: “Sadəcə, Azərbaycan hələ də sepratçılara qarşı səbir nümayiş etdirir. Qarabağ bölgəsində yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması istiqamətində səylər göstərir. Rəsmi Bakı artıq ikinci dəfədir ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması ilə bağlı görüş keçirilməsini təklif edib. Lakin hələlik bir cavab yoxdur”.

Deputat əminliklə bildirib ki, Qarabağda yaşayan sadə ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmağa hazırdırlar: “Lakin onlar hələ də Xankəndidəki separatçıların tör-töküntülərinin, terrorçuların girovluğunda olduğundan cəsarətli addım ata bilmirlər, qorxurlar. 30 il müddətində həmin separatçı və terrorçuların girovluğunda yaşayan sadə ermənilər, onların necə qorxulu və dəhşətli cinayətkar olduqlarını yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, həmin separatçılar öz maraqları naminə erməni xalqını fiziki cəhətdən məhv edərlər. Amma həmin terrorçuların da ömrünə çox az qalıb. Azərbaycan Xankəndini həmin terrorçulardan təmizləməklə, erməni əhalisini də onların girovluğundan azad edəcək. Bunu həmin terrorçular özləri də yaxşı başa düşürlər və ona görə də Azərbaycan ordusunun Laçın yolundakı əməliyyatından çox ciddi təşviş keçirirlər. Yaxşı anlayırlar ki, Azərbaycan ordusunun dəmir yumruğunu ənsələrinin arxasında hiss etmək üçün çox az vaxt qalıb. Bir daha təkrar edirəm ki, vaxt itirməyin artıq mənası yoxdur. Zaman artıq Ermənistanın və ümumilikdə erməni xalqının ziyanına işləyir. Hesab edirəm ki, ermənilər dünyada və bölgədə gedən geosiyasi prosesləri də dəyərləndirib düzgün qərara çıxarsalar daha yaxşı olar. Yoxsa kimsə onları xilas edə bilməyəcək”.

Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması məsələsinə toxunan deputat bildirdi ki, ilin sonunadək Laçın əhalisi öz doğma yurdlarına dönəcək: “Laçınının mürəkkəb dağlıq relyef şəraiti olmasına baxmayaraq laçınlıların öz doğma yurdlarına qayıdıb, orada normal fəaliyyət göstərməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılmaqdadır. Cənab Prezidentin və Birinci vitse-prezidentin birbaşa rəhbərliyi altında laçınlıların ən qısa zamanda ora qayıtması üçün inanılmaz dərəcədə işlər görülüb və bu işlər davam etməkdədir. Cənab Prezidentin diqqəti nəticəsində Laçın Respublikamızın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək və ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Bu bir daha onu sübut edir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olacaq. Cənab Prezidentin bəyan etdiyi kimi, heç bir güc Azərbaycanı bu yolundan döndərə və ultimatum dili ilə danışa bilməz. Baxmayaraq ki, vaxtı ilə ermənilər havadarlarına arxalanaraq Laçını qaytarmaq istəmirdilər, amma Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsi nəticəsində bu mümkün oldu. Bu bizə əminliklə deməyə əsas verir ki, ən qısa zamanda Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq”.