Ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş  Prezident İlham Əliyev dövlətin və xalqın əsl lideri olduğunu sübut etmişdir

“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”-bu sözləri möhtərəm cənab Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində çıxışı zamanı bildirmişdir. Bəli, bu tarixi sözlərin məhz Xankəndi şəhərində söylənməsi özü bu sözlərin həqiqiliyini təsdiq edir, onların dəyərini artırır və cənab İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsinin təkzibolunmaz isbatıdır. 20 il bundan əvvəl cənab İlham Əliyev ilk dəfə prezident seçilərkən Azərbaycan Respublikasının Prezidentinin Xankəndində çıxış etməsi həmin vaxt xalqımızın ən böyük arzusu idi və bəlkə də, kimlərinsə bu arzunun nə vaxtsa reallaşacağına müəyyən şübhələri də vardı. Lakin Cənab İlham Əliyevin 2003-cü ildən bu günə kimi, 20 illik prezidentiliyi dövründə baş verən sonrakı  hadisələr bütün şübhələrə son qoydu,  xalqımızın seçiminin nə qədər düzgün siyasi və tarixi bir qərar olduğunu göstərdi. Çünki xalqımızın qərarı və iradəsi müstəqil Azərbaycanın tarixinə ən şanlı səhifənin yazılmasının səbəbkarı olan, 30 illik işğala son qoyan, Qarabağ həsrətinə, Şuşa həsrətinə son qoyan, Ulu Öndərin xalqımıza miras qoyduğu dövləti, dövlətçilik ənənələrini qoruyaraq daha da inkişaf etdirən, “Dəmir yumruğ”u yaradan Prezidentin - Müzəffər Ali Baş Komandanın seçilməsi ilə nəticələnmişdir. 

Əlbəttə, ilk dəfə prezident seçilərkən, 2003-cü ilin 15 oktyabr tarixli prezident seçkilərində Ulu Öndərin siyasi varisi olması, Heydər Əliyev kursunun mükəmməl bilicisi olması və bu kursa sadiqlik İlham Əliyevin qələbəsində böyük rol oynamışdır. Lakin xalqın seçimini İlham Əliyevin xeyrinə müəyyən edən amillər həm də onun şəxsi keyfiyyətləri və siyasi fəaliyyəti ilə bağlı idi.  İlham Əliyevin  Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışı dövründəki deputat fəaliyyəti, AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri kimi uğurları, YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilməsi, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına rəhbərliyinin uğurla nəticələnməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olması, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyəti, Azərbaycan Respublikasının Baş naziri vəzifəsində qazandığı təcrübə, bütün bu uğurlu fəaliyyətin fonunda onun peşəkar siyasətçi kimi formalaşması, idarəetmə qabiliyyəti, intellektual səviyyəsi, bilik və bacarıqları 2003-cü il prezident seçkilərinin nəticələrində böyük rol oynamışdır. 
Sonrakı prezident seçkilərində İlham Əliyevin qələbəsini şərtləndirən amillər isə artıq onun öz prezedentlik fəaliyyəti ilə, onun rəhbərliyi dövründə dövlətimizin keçdiyi inkişaf yolu ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyevin  siyasi kursunun davam etdirilməsi, ölkədə sabitliyin qorunması, daim inkişafa, tərəqqiyə, xalqın rifahının yüksəldilməsinə yönələn, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət Prezident İlham Əliyev diplomatiyasının əsasında dayanır. İlham Əliyevin  yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsini, milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edərək, paralel olaraq ölkəmizdə tolerantlığın, multikulturalizmin güclənməsinə xidmət etmiş və nəticədə Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınmışdır. 

İlham Əliyev diplomatiyasının fundamentdində dayanan ən mühüm ideya xalqa arxalanan, xalqa güvənən, xalqın dəstəyi ilə həyata keçirilən, birlik və həmrəylik mühitinin inkişafına xidmət edən  dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi siyasətdir. Təsadüfü deyil ki, cənab Prezidentin ən böyük şüarı  “Biz birlikdə güclüyük” şüarıdır, düşməni əzən “Dəmir yumruğ”un əsasında da məhz bu şüar dayanır. Azərbaycanda yaşayan bütün xalqalar hər zaman İlham Əliyev siyasətindən bərabər faydalanmış, ölkəmizdə yaşayan ayrı-ayrı millətlər, müxtəlif siyasi baxışlar, dini inanclar arasında heç bir zaman  ayrı-seçkilik qoyulmamışdır. Bütün bunlar ölkəmizdə sağlam əməkdaşlıq, siyasi dialoq  mühitini və son nəticədə ümumxalq birliyini formalaşdırmışdır. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər və heç bir fərq qoyulmadan bütün siyasi partiyalara bərabər fəaliyyət imkanlarının yaradılması Azərbaycanda demokratik ənənələrin dərinləşməsinə xidmət edir. 

İlham Əliyevin siyasi kursunda xüsusi yer tutan daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gəncliyin formalaşmasına şərait yaratmışdır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, Vətən Müharibəsi zamanı Azərbaycan gəncləri istər döyüş meydanında, istərsə də arxa cəbhədə, informasiya müharibəsində  ölkənin aparıcı qüvvəsinə çevrilmişdir. 

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər xüsusi olaraq vurğulanmalıdır. Son 20 il ərzində ümumi daxili məhsul, adambaşına düşən büdcə xərcləri artmış, eləcə də dövlət büdcəsinin illik sosial müdafiə xərcləri, minimum əmək haqqı, orta aylıq pensiyalar, qeyri-neft-qaz sektorunun gəlirləri, ölkənin xarici ticarət dövriyyəsi, ixracın həcmi, iqtisadiyyata yönəldilən investisiyalar, o cümlədən  regionlara yatırılmış investisiyaların həcmi, sənayedə məhsul istehsalının həcmi, strateji valyuta ehtiyatları dəfələrlə artırılmışdır. Son dövrlərdə isə xüsusən, enerji və nəqliyyat-logistika sahəsində cənab Prezidentin xidmətləri və xarici ölkərlə bu sahədə aparılan uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci il iyulunda  Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun sürətlə icra edilərək Avropaya enerji ixracını artırmağımız ölkəmizə enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazanmışdır. Artıq Azərbaycanın nəinki yalnız neft-qaz sektoruna, iqtisadiyyatın digər sahələrinə, eləcə də ekoloji cəhətdən daha təmiz olan yaşıl enerji zonlarına investisiya cəlbediciliyi ən yüksək səviyyəyə çatmışdır. 

Cənab İlham Əliyevin rəhbərliyi  dövrünü ölkəmiz üçün əlamətdar edən digər mühüm məqam isə Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrilməsi və beynəlxalq aləmdə nüfuzunun, rolunun güclənməsi təşkil edir. Ölkəmizin 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlarla  əməkdaşlığın güclənməsi, qardaş Türkiyə başda olmaqla dost dövlətlərlə etibarlı dostluq münasibətlərinin möhkəmləndirilməsi, 20 il ərzində Azərbaycanın saysız-hesabsız beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstərcisidir. Yaxın günlərdə bu uğurlara daha bir böyük uğur əlavə olunmuş, Azərbaycana, onun liderinə olan  böyük etimadın və hörmətin növbəti təzahürü kimi dünya dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etmişdir.  

Pandemiya ilə mübarizə dövründə cənab Prezidentin sərgilədiyi siyasət isə onun yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən lider kimi ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya göstərmişdir. Pandemiya ilə mübarizənin ilk günlərindən cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında  ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxmışdır. Qoşulmama Hərəkatının sədri qismində cənab Prezidentin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilmişdir. 

Əlbəttə, cənab Prezidentin 20 illik rəhbərliyi dövründə Azərbaycan xalqı və dövləti qarşısında bütün xidmətlərini sadalamaqla bitirmək mümkün deyil, mədəniyyət sahəsində, elm-təhsil, səhiyyə, idman  sahəsində qazanılmış uğurlar, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Avroviziya Mahnı Müsabiqəsinə, yüzlərlə digər elmi, mədəni, idman sahəsində beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyi etməyimiz, 2013-cü ildə ilk süni peykimizi orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilməyimiz, bütün bunlar cənab Prezidentin məqsədyönlü xidmətlərinin nəticəsidir. 

Lakin, şübhəsiz ki, İlham Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük, əvəzedilməz və misilsiz xidməti 30 illik düşmən işğalına son qoyaraq torpaqlarımızı erməni işğalçılarından azad etməsi, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi tam bərpa etməsidir. İlk dəfə prezident seçildiyi dövrdən başlayaraq Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan əsas məsələ, əsas məqsəd həmişə torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Bunun üçün beynəlxalq nüfuza, uğurlu diplomatik əlaqələrə, güclü iqtisadiyyata, qüdrətli orduya malik olmaq çox vacib idi ki, İlham Əliyev bunların hamısını reallığa çevirərək 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmışdır.  Bu il isə, sentyabrın 19-da Qarabağda aparılmış antiterror əməliyyatları nəticəsində  separatçıların təslim olması ilə ölkəmiz növbəti tarixi qələbəni əldə etmiş, Azərbaycan öz suverenliyini və konstitusiya quruluşunu bütün ölkə ərazisində tam bərpa etmişdir. Ali Baş Komandan hər zaman öz çıxışlarında bu tarixi qələbələrin əsas səbəbkarı kimi müzəffər Azərbaycan Ordusunu, qəhrəman əsgərlərimizi göstərmiş, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, hərbçilərimizin qəhrəmanlığını ali səviyyədə mükafatlandırmaq üçün Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis etmiş, Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalamış, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olmuşdur. 

Torpaqlarımız işğaldan azad olunduqdan sonra cənab Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın sürətlə, ən yüksək keyfiyyətlə və cənab Prezidentin dəfələrlə azad edilmiş rayonlarımıza səfərlər etməsi yolu ilə öz nəzarəti altında həyata keçirilməsinin nəticəsidir ki, qısa vaxt keçməsinə baxmayaraq artıq Füzuli Beynəlxalq Hava Limanının, Zəngilan Beynəlxalq Hava Limanının, yeni-yeni tunel və yolların, su elektrik stansiyalarının  və onlarla digər  infrastruktur obyektlərinin açılışı baş tutmuş, məcburi köçkünlərimizin öz dogma torpaqlarına köçürülməsinə başlanılmışdır. Cənab Prezidentin rəhbərliyi ilə əldə etdiyimiz Qələbə yalnız ölkəmiz üçün deyil, bütün region üçün  sülh və davamlı inkişaf imkanı qazandırmışdır.
Hazırda Azərbaycan tarixinin ən qüdrətli, güvənli, istiqrarlı dövrünü yaşayır. 20 il ərzində müəyyən olunmuş bütün vəzifələri icra etməklə, bütün hədəfləri reallaşdırmaqla cənab Prezident İlham Əliyev  dövlətin və xalqın əsl lideri olduğunu sübut etmişdir.  

Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin 
sədri Ziyafət Əsgərov