Ərdoğan Tokayevə TOGG hədiyyə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG hədiyyə edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.

"2024-cü ildə qlobal brend olmağı hədəfləyən Togg-un Avropa bazarlarına ixracı üçün hazırlıqlar böyük ölçüdə tamamlanıb. Bu il Türk Dövlətləri Təşkilatının Toplantısı Qazaxıstanda keçiriləcək. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan TOGG-u Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə hədiyyə olaraq təqdim edəcək", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.

Məlumat üçün bildirək ki, 3 noyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda iclası keçiriləcək və Şimali Kipr Türk Respublikası bu iclasda müşahidəçi üzv kimi iştirak edəcək.