Erməni deputat: “Nikolun hökuməti aysberqin yalnız görünən hissəsidir”

"Başa düşmək lazımdır ki, Nikolun (Ermənistanın baş naziri Nikol Paşinyan-red) hökuməti aysberqin yalnız görünən hissəsidir. Bizim mübarizəmiz Ermənistanda kök salmış, xaricdən maliyyələşən sistemə qarşıdır, aradan qaldıra bilməyəcəyimiz hansısa səriştəsiz komandaya yox".

Sabahinfo.az xəbər verir ki, bunları Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.

"İndi bu söhbətlər zamanı başa düşmək və qəbul etmək vacibdir ki, hələ getməli olduğumuz yol var, bu asan olmayacaq. Bu yol kiçik addımlardan, o cümlədən yığıncaq və nümayişlərdən ibarətdir.

Ermənistanda hakimiyyət dəyişikliyi daxildə yerlərdə düzgün işin aparılması, ümidsizliyin qarşısının alınması, lazımi səfərbərliyin təmin edilməsi, xarici sahədə lazımi işlərin aparılması və bir sıra digər amillərin kombinasiyası sayəsində mümkündür", - o qeyd edib.

"Bu hökumət devrildikdə gedəcək. Əks halda bacardığı qədər qalacaq və bacardığını edəcək.

Bunun üçün isə ilk növbədə ölkə daxilində sözün əsl mənasında hər hansı müqavimət ocağını aradan qaldırmaq lazımdır və burada da indi olduğu kimi ayrı-seçkilik olmayacaq", - K.Vardanyan vurğulayıb./report