Etibarlı münasibətlər

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri bir daha sübut edr ki, Azərbaycan- Özbəkistan münasibətləri yüksələn xəttlə inkişaf edir. Səfər çərçivəsində səmərəli görüşlərin təşkil olunması və ölkələrimizin fəaliyyətinin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlərin ətraflı təhlil edilməsi, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərdə Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişaf yollarının müəyyən olunması səfərin məhsuldarlığından xəbər verir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev bildirdi ki, bu səfər dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfərdir. Həmçinin, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Mətbuata bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında gələcək əməkdaşlıq sahələrindən geniş bəhs edərək səfər çərçivəsində imzalanan sənədlərdən biri - Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqaviləyə xüsusilə diqqət çəkdi. Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqaviləninin imzalanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində ölkələrimiz bir-birinin yanında olub və bir-birini dəstəkləyib. Qardaşlıq əlaqələrinin önəmindən danışarkən ölkə başçısı cənab İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin təməlini məhz nəhəng mədəni zəminin təşkil etdiyini vurğuladı.

Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb binası inşa olunub. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Səfər proqramı çərçivəsində Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq həqiqətən də səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin bariz nümunəsidir.

Cavid Osmanov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı