Firavan gələcəyimizin böyük təminatçısı

Tarixin bütün dönəmlərinə nəzər salsaq, görərik ki, hər bir xalqın taleyində liderlik missiyasını üzərinə götürərək xalqının, ölkəsinin xilaskarına çevrilmiş şəxslər olmuşdur. Belə şəxsiyyətlər əvəzedilməz və müdrik olurlar. Ata yurdumuz olan Azərbaycan zaman-zaman çox ağır və olduqca mürəkkəb proseslərin sınağına məruz qalmışdır. 

Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan üçün ən çətin dövrlərdən biri olan - 90-cı illərin əvvəlində məhz daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, siyasi-iqtisadi böhran və digər neqativ hallar dövlətçiliyin mövcudluğunu sual altına qoymuşdu. Ölkəmizdə həmin dövrdəki rəhbərlərin səriştəsizliyi nəticəsində erməni qəsbkarlar torpaqlarımızı işğal edir, soydaşlarımız öz ata-baba yurdlarında qaçqına çevrilirdilər.

Belə bir çətin zamanda xalqı bir siyasi əqidə ətrafında toplamağa qadir olan partiyanın yaradılmasına da ciddi ehtiyac var idi. Həqiqətən də 1992-ci il 21 noyabr tarixində dünənimizin, bu günün və gələcəyimizin Partiyası olan Yeni Azərbaycan Partiyasının dahi Heydər Əliyevin rəhbərliyi ilə yaradılması tarixi zərurətdən irəli gəlmişdi. Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) ötən illər ərzində uğurlu inkişaf yolu keçib. Bu il noyabrın 21-də YAP-ın yaradılmasının 31-cu ildönümü tamam olur. Partiyanın yaranma tarixi, o dövrdə baş verən proseslər, məşhur “91-lər”in Ümummilli Liderimiz Heydər Əliyevə müraciəti müstəqilliyimizin ilk illərinin ən yaddaqalan hadisələri sırasındadır. Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Bir sözlə Yeni Azərbaycan Partiyasının yaranması hadisəsi tariximizin qızıl hərflərlə yazılmış şanlı səhifələridir. 1992-ci ildə respublikaya hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi  təcavüzü daha da sürətləndi. Xalq Ulu Öndərimizin rəhbərliyi ilə yaranmış Partiyamızın ətrafında sıx birləşdi. Qədirbilən xalqımız 1993–cü ildə yeganə ümid yerimiz olan Yeni Azərbaycan Partiyasının Lideri dahi Heydər Əliyevi təkidli tələb ilə Bakıya dəvət etdi və Prezident seçdi. Bəli, Ulu Öndərimizin 1993-cü ildə yenidən Azərbaycana siyasi hakimiyyətə qayıdışı, müdrik və qətiyyətli, uzaqgörən rəhbərliyi, sayəsində Azərbaycanda xalq-iqtidar birliyi yarandı, ölkəmiz böhrandan çıxaraq böyük inkişaf yoluna qədəm qoydu. 10 il ərzində Azərbaycan saysız-hesabsız uğurlar qazandı. Dahi liderin siyasi məktəbində layiqli dərs almış cənab İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən başlayaraq Azərbaycan bütün sahələr üzrə yeni tərəqqi yolu keçdi və regionun ən qüdrətli dövlətinə çevrildi. Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı İlham Əliyev seçkilərdə qələbə qazandıqdan sonra Prezident kimi bütün ömrünü və fəaliyyətini xalqının maraqları naminə davam etdirdi. Sosial, iqtisadi, ictimai, siyasi, humanitar və eləcə də digər bütün sferalarda yüksək nailiyyətlər əldə olundu, Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu, böyük nüfuz və söz sahibinə çevrilərək, Qoşulmama Hərəkatına sədrlik statusu aldı. Ölkəmizdə Vətənini, torpağını sevən yeni gənc nəsil yetişdi, ən müasir silahlarla təchiz edilmiş Milli Ordumuz yarandı. Cənab Prezidentin fəaliyyətinin əsas prioritet istiqaməti məhz ölkəmizin və xalqımızın maraqlarını, ərazi bütövlüyümüzü layiqincə təmin etmək idi. Bəli, ötən 20 il göstərdi ki, qeyd etdiyim milli məsələlər uğurla həllini tapdı. Xalq öz Partiyasını, öz Liderini seçməkdə düzgün addım atdığına bir daha şahid oldu.

Məhz bu gəncliyin, Ordunun qüdrəti, Ali Baş Komandanın hərb, diplomatiya, iqtisadi inkişaf istiqamətində müdrik siyasəti və uğurlu Dəmir Yumruq əməliyyatı nəticəsində 44 gün ərzində düşmən üzərində möhtəşəm Qələbəyə nail olduq. Bu gün torpaqlarımızın ərazi bütövlüyü tam şəkildə təmin olunub. Biz xoşbəxt nəslin nümayəndəsi kimi bu möhtəşəm tarixi hadisələrə şahidlik edirik.

Bu Zəfərlə biz Xalq-Prezident-Ordu birliyinin möhtəşəmliyinin bir daha şahidi olduq. Cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən bənzərsiz YAP siyasəti ölkəmizdə demokrtaik ənənələrin dərinləşməsində əhəmiyyətli rol oynamışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyamızın 10 strateji istiqamətləri müəyyən olunmuşdur ki, bu istiqamətlər Prezident, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkəmizin rəqabət dözümlülük göstəricilərinin yüksəldilməsinə, ümumilikdə ölkəmizin, xalqımızın işıqlı gələcəyinə xidmət edir. Bu gün  cənab İlham Əliyevin peşəkarlıqla yürütdüyü Yeni Azərbaycan Partiyasının bənzərsiz siyasəti böyük tarixi qələbələrə imza atmaqla bir daha bütün dünyaya sübut etdi ki, dahi Öndərimiz Heydər Əliyevin müdrik ideyaları bu gün yaşayır, gələcəkdə də yaşayacaqdır və bu siyasət bizim xoşbəxt gələcəyimizin ən böyük təminatçısıdır. 

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri