Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən Çağırış

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində isə düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Bu deyilənlər əyani olaraq bir daha sübut edir ki, Azərbaycanın güclü ordusu var. Həmən gün ərzində Sosial şəbəkələrdə Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbələr endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Qeyd etdiyimiz tarixdə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür. Tarix boyu dəfələrlə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmuşdur. Bu hadisələrdən biri də elə yaxın keçmişdəki "Aprel döyüşləri” yaxud digər adıyla desək, "beşgünlük müharibə” idi. Bu hadisə də Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün "yaşıl işıq" da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda Azərbaycan cəmiyyətinin də işğal faktını çox uzanmasından narahat olduğu üzə çıxdı. Ona görə də ilk növbədə münaqişənin dinc yolla həllinin tərəfdarı olub atəşkəs rejiminin pozulmamasından ötrü canfəşanlıq edən və təcavüzkar Ermənistana bir dəfə də olsun həddini bildirməyən beynəlxalq vasitəçiləri ittiham edirlər. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Habelə iki il əvvəl keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq mərd, igid və qorxmazcasına cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Bir daha Xalqımızın qorxmaz olduğu görüldü. Lakin hal-hazırkı dövrdə 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Ordumuz yetərincə güclüdür və lazımi silah-sursatla təmin olunmuşdur. Arzuolunmaz xaotik təşəbbüslər, gözlənilməyən hallar yalnız və yalnız düşmənlərimizi sevindirər. Əvvəldə qeyd etdiyimiz hal zamanı düşmənlərimiz ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkanı yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan, dediyimiz kimi, güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Möhtərəm Cənab Prezident hadisəylə bağlı demişdir: "Dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə öz yerini göstərəcəyik.” 


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi