Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO

Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər aidiyyəti orqanlar tərəfindən araşdırılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəldikləri məlum olub.

Lakin iddialar arasında İcra hakimiyyətinin vəzifəli şəxslərinin qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atdıqları qeyd olunub. Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Hadisə şahidlərindən aldığımız məlumata görə, belə bir halbaş verməyib. Onların sözlərinə görə, Arzu Verdiyev və Eldar Musayevin iddiaları əsassızdır.

Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək, onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlu açıqlamasında həmkəndlisi Musayev Eldarla icra başçısının birinci müavini Ceyhun Həsənovun qəbuluna getdiklərini deyib. Onun sözlərinə görə, C.Həsənov onları qəbul edib dərdlərini dinləyəcəyini desə də, onları otaq salaraq kobud rəftar edib. A.Verdiyev isə icra başçısının müavini tərəfindən döyülüb, pəncərədən atıldığını iddia edib.