Soltan Məmmədovdan Fransaya etiraz

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Fransa şirkətinin iştirakıyla çəkilmiş və Kann Festivalına təqdim olunmuş Nora Martirosyanın "Külək sakitləşərsə” (Si le vent tombe) filmi etiraza səbəb olub. 

Bu barədə Milli Məclisin növbədənkənar iclasında deputa Soltan Məmmədov çıxış edib. 

O, Azərbaycan ictimaiyyətinin etirazını Fransa hökumətinə ünvanladığını diqqətə çatdıraarq, işğal olunmuş Azərbaycan torpaqlarında çəkilmiş bu filmin münaqişənin bütün tarixini, səbəblərini və məğzini təhrif etmək məqsədin daşıdığını bildirib: 

"Bu filmin ərsəyə gəlməsində Fransa şirkətinin iştirakını, eyni zamanda Kann festivalına təqdim olunmasını xüsusi təəssüf hissi ilə vurğulayıram. Bu və buna bənzər təşəbbüslər sürətlə inkişaf edən Azərbaycan-Fransa münasibətlərinin bugünkü ruhuna, xalqlarımız arasındakı dostluq əlaqələrinə, habelə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın vasitəçilik missiyasının məqsədinə adekvat deyil. Xüsusilə ona görə ki, hər iki ölkə iqtisadi, siyasi, humanitar və mədəni sahədə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük önəm verir".

Deputat Azərbaycanın Fransadakı səfirliyinin bu ölkənin müvafiq qurumlarına məsələ ilə bağlı etiraz etdiklərini diqqətə çatdırıb:

"Fansanın iki regionu tərəfindən filmin çəkilişinə maliyyə və maddi-texniki yardım göstərilib. Eyni zamanda Kann Festivalının sponsor tərəfdaşı olan Provence Alpes Cote d'Azur regionu da filmin istehsalına dəstək verib. Bu cür fəaliyyətlər Fransa qanunvericiliyi ilə tənzimlənən Ərazi vahidlərinin beynəlxalq əməkdaşlıqda davranış və nəzarət qaydaları üzrə hüquqi çərçivədə müəyyən edilmiş prinsiplərə ziddir.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi, Fransanın Azərbaycandakı Səfirliyinə müraciət edərək, bu məsələyə mövqe ifadə etməyə dəvət edirəm. Səfirlikdən bu cür addımların Azərbaycan və Fransa xalqları arasında dostluq münasibətlərinin ruhuna zidd olduğu, münaqişə tərəfləri arasında qarşılqlı etimada xidmət etmədiyi, tarixi həqqiqətləri yanlış təqdim etdiyi barədə fikirlərimizi bölüşəcəyini gözləyirəm və əminəm ki, səfirlik səslənən fikirləri anlayışla qarşılayacaq".

Deputat həmkarlarına, Azərbaycan kino sənayesi işçilərinə, incəsənət adamlarına, kütləvi informasiya vasitələrinə müraciət edərək, onları bu cür hallara kəskin etirazı bildirməyə çağırıram:

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu qəbildən olan digər mübahisəli mövzulara həsr olunmuş belə filmlər tarixi faktların təhrif olunmasına və beləliklə də ziddiyyətlərin dərinləşməsinə deyil, əksinə sülh və qarşılıqlı etimad atmosferinin yaradılması məqsədinə xidmət etməlidir".