Düşmənimiz yenə xoflandı

"Ermənistan prezidenti Serj Sarkisyanı siyasi baxımdan hətta ən yaxın ətrafındakı adamlar belə, artıq "vurulmuş fiqur" sayırlar. "Dördgünlük müharibə" Sarkisyanın dövlət başçısı kimi nəyə qadir olduğunu, daha doğrusu, heç nəyə yaramadığını göstərdi. Həmin hərbi əməliyyatların nəticələri əslində Dağlıq Qarabağı itirməyimizin ilkin mərhələsi də sayıla bilər".

Ermənistanın tanınmış yazarlarından biri Hayk Usuns "Heç lülə hüceyrələri də ona yardım etməyəcək" adlı yazısında ölkə prezidenti Serj Sarkisyanın yarıtmaz fəaliyyətindən və son günlərdəki pərişan, amma aqressiv davranışından bəhs edib.
Yazını müəyyən ixtisarlarla təqdim edirik:

"Ermənistanın prezidenti Serj Sarkisyan onsuz da çox cüzi potensialını tam tükədən, hər hansı siyasi perspektivləri olmayan insana çevrilib. Ən yaxın adamlarının, hakimiyyətdəki əlaltılarının belə, ona artıq inanmadıqlarını dərk edib bu adam. Ona görə də belə pərişan, həm də aqressivdir.
Ermənistan prezidentinin və həm də ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyasının sədrinin davranışındakı bu məqamla gün keçdikcə daha qabarıq şəkildə ortaya çıxır. Ona "tonusda qalmaq" üçün illərdən bəri istifadə etdiyi lülə hüceyrələri də yardım etmir.

Serj Sarkisyan çox şübhəli, qaradinməz, qapalı, ən xırda məsələyə görə qıcıqlanan, isteriyaya qapılmaq həddinə çatan insana çevrilib. Bunun da bəlli, aydın səbəbləri var.
Sarkisyan anlayır ki, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dəki biabırçı məğlubiyyətin yeganə baiskarı odur. Məhz onun başabəla rəhbərliyi sayəsində belə itkilər verdik. Ali baş komandan postunda o, yalnız şəxsi məsələlərinin həllinə, mənafeyinin təminatına yönəlmiş müstəvidə ardıcıl və qətiyyətli oldu. Qarabağlı ermənilərin təzlükəsizliyinin təminatı üçün o, heç nə etmədi. Daha doğrusu, hamisi, ağası, sahibi və imdad yeri olan Rusiyaya güvənirdi. Rusiya isə - hamımız gördük - Ermənistanla müqayisədə Azərbaycana üstünlük verir.

Azərbaycana əlavə güc verən məqamlar arasında Ermənistanın zəifliyi və Serj Sarkisyanın marazmatik siyasəti var.
Serj Sarkisyan, onun iqtidarı, "müstəqil media" indi məğlubiyyətin baiskarlarını axtarır, özlərinə bəraət qazanmaq istəyirlər.
Mənasız işdir, xalq hər şeyi görür və hamını tanıyır.

Bəlalarımızın səbəbkarı Serj Sarkisyandır. Məhz o, ordumuzu bilərəkdən zəiflədib, müasirləşmənin və modernizasiyanın qarşısını alıb.
Serj Sarkisyanın "müdrik siyasət"i nəticəsində çox ağır itkilər verdik. Əraziləri itirdik, hərbçilərimizi itirdik.
Xoflandığımızı etiraf etməliyik. Lakin Sarkisyanın əməlləri kimi cinayətlər cavabsız qalmamalıdır".sabahinfo.az