Fransa vətəndaşı Türkiyədə terror aktının təşkilində şübhəli bilinir

İstanbul aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən Türkiyə pasportu daşıyan Fransa vətəndaşı saxlanılıb.

sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dünən "France3” telekanalı məlumat yayıb. 

Ebru Fırat adlı gənc qadın Diyarbəkirdən İstanbula gələrkən saxlanılıb. Telekanalın məlumatına görə, o, "canlı bomba” olmağa hazırlaşırdı. 

Onun vəkili Anyes Kazeronun sözlərinə görə, fransalı tələbə Türkiyəyə valideynləri ilə görüşə gəlmişdi, daha sonra o, Tuluzaya qayıtmalı idi.  

"Ebru Firat Tuluzada tibb üzrə təhsil alıb. O, 2015-ci ildə Suriyaya yollanaraq kürd silahlı dəstələrinin tərkibində İŞİD-ə qarşı döyüşüb.  Ebru Firat hətta "France3” telekanalının ötən il Suriyada İŞİD-ə qarşı döyüşən fransızlara həsr olunmuş reportajda Selin şərti adı altında da yer alıb”, - telekanalın məlumatında bildirilir.

Eyni zamanda "France3” telekanalı Ebru Firatın PKK terror təşkilatının üzvü olmasına dair məlumat yayıb.