GDU-da bilik yarışı: “Müstəqilliyin şanlı tarixi”

Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Tarix-Coğrafiya fakültəsinin tələbələri arasında “Müstəqilliyin şanlı tarixi (2003-2023-cü illər)” mövzusunda bilik yarışı keçirilib.

Yarışda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi yad olunub. Daha sonra dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxış edərək, Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətindən və tarixi uğurlarından danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.

Dövlət başçısının uğurlu daxili və xarici siyasətindən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan prorektor qeyd edib ki, bu gün Azərbaycan dünyada böyük söz və nüfuz sahibdir.

Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə mövzu ətrafında çıxış edib, tələbələrə uğurlar arzulayıb.

Çıxışlardan sonra bilik yarışına start verilib. Dövlət başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə dair tələbələrə suallar təqdim olunub.

Yarışın nəticələrinə görə “Şuşa” komandası I yeri, “Kəlbəcər” komandası II yeri, “Füzuli” komandası III yeri tutub.

Sonda qalib komandaya kubok və diplom təqdim edilib.