Gələcəyə doğru inamla!

Ağsuda seçicilərlə görüşlər davam etdirilir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ağsu rayonunun Ləngəbiz və Qəşəd kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Allahverdi Qənbərov, İslam Bəhrəmov və Elnur Fərzəlizadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin  20 illik fəaliyyət dövrü Azərbaycanın tərəqqi, yüksəliş, zəfər salnaməsidir. Ötən dövrdə ən böyük tarixi nailiyyətimiz ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır.  Bölgədə yeni reallıq yaradan Azərbaycan bu gün həm də azad edilmiş ərazilərimizdə öz gücü hesabına aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanı heyrətləndirir. 

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, qalib xalqın Qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də son 20 ilin tarixi uğurlarına əsaslanaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.