Göygöl rayonunda 23 iyun Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Göygöl Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 23 iyun Dövlət qulluqçularının peşə bayramı geniş tərkibdə qeyd olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayonda çalışan dövlət qulluqçuları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıq elan olunub, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edib, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlardan və mühüm nəticələri barədə geniş və ətraflı verib. Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Tədbirdə Göygöl Rayon İcra hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 14 dövlət qulluqçusunun andiçmə mərasimi keçirilib. Sonra dövlətçilik prinsiplərinə sadiq qaldığına görə bir qrup dövlət qulluqçusu Göygöl Rayon İcra hakimiyyəti başçısının və Dövlət idarələri və ictimai xidmət işçiləri Göygöl rayon həmkarlar komitəsinin Fəxri Fərmanı ilə təltif olunublar.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında dövlət qulluqçularını təbrik edərək, onlara xoş arzularının çatdırdı, dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, dövlət qulluğunda səmərəli fəaliyyətinə, partiya dəyərlərini daim üstün tutduğuna və YAP Göygöl rayon təşkilatına göstərdiyi xüsusi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevi Fəxri Fərmanla təltif edib.