Göygöldə qəbul keçirilib

Göygöl Rayon İcra Hakimiyyətində növbəti dəfə Nadil kənd, Quşçu kənd, Qarabulaq kənd, Bənövşəli kənd, vətəndaşların qəbulu keçirilib...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflər dinlənilib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, suvarma suyu ilə bağlı problemlərin aradan qaldırılması, evinin təmir olunması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qəbul zamanı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Rayonun Gəncə kəndində keçirilmiş səyyar qəbul zamanı səsləndirilmiş məsələlər öz həllini tapıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Gəncə kənd sakinləri ilə keçirilmiş səyyar görüşü zamanı əhali tərəfindən qaldırılan təkliflər qısa müddət ərzində öz həllini tapıb. Belə ki, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin daxili imkanları hesabına Gəncə kənd istirahət parkının ətrafında və daxilində iməcilik işləri aparılmış, ağaclar budanmış, hasarın dağılmış hissəsi hörülərək bərpa olunmuşdur. Parkda quraşdırılmış uşaq əyləncə qurğuları və oturacaqlar təmir olunaraq rənglənmişdir. Parkın ətrafındakı bulağın boruları yenisi ilə əvəz olunmuş və park kənd sakinlərinin istifadəsinə verilmişdir.

Göygöl rayonu Topalhəsənli kənd ərazisində sel suların vurduğu ziyan nəticəsində yollarda yaranmış qabarmalar və çuxurlar avtomobillərin sərbəst hərəkətinə çətinliklər yaratmışdır. İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi ilə Göygöl rayon Yol İstismar idarəsinin texnikası və bələdiyyənin daxili imkanları hesabına 1 km kənddaxili və 3 km kənd qəbiristanlığına gedən yollar təmir olunmuş, yola qum-çınqıl örtüyü tökülərək bıçaqlı texnika vasitəsi ilə hamarlanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

“2023-cü il - Heydər Əliyev İli” ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər Evi Sosial Xidmət Müəssisəsi və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş, rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Dastanı” adlı şeir müsabiqəsi təşkil olunub.

Müsabiqə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub. Müsabiqənin açılış mərhələsində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova və Göygöl Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şanlı tarix yazan igid oğullarımızın gənclər arasında tanıdılması və gənclərdə vətənpərvərlik hissinin aşılanmasından ibarət olduğunu vurğulayaraq, müsabiqədə iştirakçılarına uğurlar arzu ediblər. 

Münsiflər heyəti şagirdlərin çıxışlarını dinlədikdən sonra, səsləndirilən şeirlərə fikir bildirərək, qalibləri müəyyən ediblər. Müsabiqədə ümumilikdə Göygöl rayon üzrə 27 məktəb və hər məktəbdən bir nəfər şagird iştirak edib. Qaliblər diplom və hədiyyələr ilə təltif olunublar. I yerə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin şagirdi Aynurə Abdıyeva, II yerə Göygöl şəhər Göygöl 1 nömrəli tam orta məktəbin şagirdi Zəhra Məmmədova, III yerə Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Rəna Məmmədli, IV yerə isə Göygöl şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Ağamirzə Mahmudbəyli layiq görülüb.