Güclü lider, qüdrətli dövlət!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Kürdəmir rayonunun Mürtülü və Təklə kəndlərinin seçiciləri ilə  görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri Mehrab Abdurahmanov, Cəbrayıl Cəbrayılov və Əli Ağayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoyub. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderimiz var. Bunun üçün xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Seçicilər səsvermə günü seçimlərinin Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tanıtdıran cənab İlham Əliyev olacağını bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.