Güclü yağışlar Lənkəran sakinlərini təhlükə ilə üz-üzə qoydu

Lənkəran rayonunda son günlər yağan aramsız yağışlar Veravulçayda suyun səviyyəsini artırıb.

Bu barədə “Report”un Cənub bürosuna Vilvan kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin daxilindən keçən çayda suyun səviyyəsinin artması nəticəsində ərazidə subasmalar yaranıb. Nəticədə təsərrüfatlara, xüsusən də sitrus bağlarına ciddi ziyan dəyib.

Eləcə də sel suları torpaq qatı ilə yanaşı, ağacları yuyaraq aparıb.

Beləliklə, çayın məcrası ilə evlər arasındakı məsafə bəzi yerlərdə 10 metrədək azalıb. Həmçinin bu, çayın kənarlarında torpaq sürüşməsinə səbəb olub və kənddə təxminən, 10 fərdi yaşayış evi təhlükə ilə üzləşib.

Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsindən bildirilib ki, ərazi mütəxəssislər tərəfindən qeydiyyata alınıb və layihə smeta sənədləri hazırlandıqdan sonra həmin yerlərdə işə başlanılacaq.