Gürcüstan parlamenti etirazlara səbəb olan qanunu ləğv etdi

Gürcüstanda böyük etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsi parlamentdən geri götürülüb.

Bu barədə hakim “Gürcü arzusu” partiyası, “Xalqın gücü” ictimai hərəkatı və parlament çoxluğunun birgə bəyanatında deyilir.

Eyni zamanda, hakim partiya öz təşəbbüsündən əl çəkmək niyyətində deyil.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Qanun layihəsi mənfi tərəfdən təqdim edilməklə əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə yalandan “Rusiya qanunu” damğası vurulub və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim edilib”, - deyə məlumatda bildirilir.

Partiya iddia edir ki, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bilib.

“Biz cəmiyyətin hər bir üzvü qarşısında məsuliyyət daşıyan hökumət olaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün biz əhali ilə görüşlərə başlayacağıq və işin hər bir təfərrüatı ilə bağlı bütün həqiqəti geniş ictimaiyyətə çatdıracağıq”, - partiyadan bildirilib.