Hədəf inkişafa aparan yolun əsasıdır

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət hər kəsə Azərbaycanı onun kimi sevməyi öyrətdi. Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi, dogma Azərbaycanla sıx əlaqələr qurub, onun daha da qüdrətlənməsinə, müstəqilliyinin daimiliyinin qorunmasına öz töhfələrini verməyə stimul oldu. Məhz bu reallıqlara söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, hər dövrün öz çağırışları və onların əsasında gələcəklə bağlı ümidləri olur: “Bu baxımdan ulu öndər Heydər Əliyevin hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.”, həmçinin  “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” kimi çağırışlarının həyata keçirilməsi istiqamətində atılan addımlar diqqətdən kənarda qalmadı. Əbəs yerə deyilmir ki, hədəf inkişafa aparan yolun əsasıdır. Ümummilli Lider Azərbaycanın gələcəyini daim parlaq görür, hər kəsin güclü, qüdrətli Azərbaycanın vətəndaşı olması ilə qürur duyacağını böyük inamla qeyd edirdi.”

“1993-2003-cü illər həlledici illər olmuşdur” söyləyən Əliabbas Salahzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışından sonra zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın müstəqilliyinin daimiliyinin təmin edilməsi istiqamətində atdığı addımları ilə  müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən  nə qədər çətin olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında bu mühüm məqam xüsusi qeyd edilib: “Bildirilir ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.”

Millət vəkili vurğulayıb ki, ulu öndə Heydər Əliyev bütün inkişafın əsasında sabitliyin dayandığını önə çəkərək uğurlu addımları ilə Azərbaycanı qısa zamanda sabitlik diyarına çevirdi: “Bu sabitliyin əsas mənbəyi isə Azərbaycan xalqı və onun öz Liderinə inamı, etimadı olmuşdur. Ümummilli Lider xalqın ona olan ümidlərini doğrultdu, Azərbaycanı yenidən qurdu və özünün illərdir arzu etdiyi bu istəyini reallığa çevirdi-Azərbaycan dünyaya Günəş kimi doğdu.”

“Bu gün hansı sahəyə diqqət yetirsək Heydər Əliyev siyasətinin uğurlarını görərik” söyləyən Əliabbas Salahzadə qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi, bu gününə və gələcəyinə inamı artırdı: “Təbii ki, davamlı  uğurlarımızda  dövlətimizin müstəqil siyasətinin rolu böyükdür. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik yalnız dövlət atributları ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun.”

Millət vəkili onu da əlavə edib ki, müstəqil siyasətimizin, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı möhkəm təməlin yol açdığı uğurların ümumiləşdirilmiş ifadəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. Müstəqilliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin ona olan etimadını Azərbaycanı ən yüksək zirvələri fəth etdirməklə təsdiqlədi. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan şanlı Qələbəsi ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın müstəqil siyasətinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır.