"Hədəflərə çatmaq üçün səylərimizi əsirgəməməliyik"

Cənab Prezident İlham Əliyevin hər bir müsahibəsinin dərin tarixi və siyasi mənası var. Ölkə başçısının“CNN Türk” kanalına verdiyi müsahibə bir çox önəmli məsələlərin həm ölkə istimaiyyətinin, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, müsahibədə deyilən fikirləri bir neçə istiqamətdən təhlil etmək olar. Olardan birincisi, Azərbaycanın ədalətli mübarizə aparması və haqlı olması məsələsi idi. Ötən 30 ildə beynəlxalq birliyin münaqişə və Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı təsirli addımlar atmaması, ATƏT Minsk qrupunun səmərəsiz fəaliyyəti əlbəttə ki, xalqımızın narahatlığına səbəb olurdu. Cənab Prezidentin də dediyi kimi, “ Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində Azərbaycanın Zəfər savaşına başlayaraq öz tarixi torpaqlarını azad etməsi bir hüquq, ədalət məsələsi deyil, həm də şərəfli bir missiya idi: “Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”. Müsahibə zaman bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün yolları da göstərdi. O qeyd etdi ki, “ biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Ölkə başçısı bir daha Ermənistanın siyasi-hərbi rəhbərliyinə, cəmiyyətinə çağırış etdi və çıxış yolunu göstərdi. Bu çağırış həm də ona görə vacibdir ki, erməni cəmiyyəti anlamalıdır ki, havadarlarına arxalanıb, onları daha ağır duruma aparan yoldan çəkinsinlər. Cənab Prezident son günlər baş verən hadisələrin gətirdiyi narahatlığı qeyd edərək,Azərbaycanın mövqeyini bir daha vurğuladı. Jurnalistin Rusiya ilə bağlı gözləntilərdən danışarkən ölkə başçısı bildirmişdir ki, “ Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Ali Baş Komandan bir daha qeyd etdi ki, “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Bu qədər bəsit və sadə! Azərbaycan sülhün və təhlükəsizliyn təmin edilməsi və regionda sülhün bərqərar olması üçün layihələrin reallaşmasına cəhd edir. Bu layihələrdən biri də və ənan əsası da Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilməsinə səbəb ola bilər. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Cənab Prezident bir daha bu layihənin əhəmiyyətini önə çəkərək qeyd etdi ki, “Bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”.

Müsahibə zamanı ölkə başçısı Azərbaycanın hər zaman ikili standartlarla üzləşdiyini bildirdi. Dünya gözü qarşısında baş vermiş Xocalı soyqırımını tanımaq istəmir, ancaq saxta “erməni soyqırımı”nı tanıyır. Bu yaxınlarda 30 ili tamam olacaq Xocalı soyqırımını, aparılan təbliğat işləri və layihələri nəticəsində 13 ölkə taniyıb, bu az da olsa uğurdur. Burada əlbəttə ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və bir çox qeyri hökumət təşkilatlarının rolunu qeyd etmək lazımdır. Bu ədalətsizliyə, ikili yanaşmalara Azərbaycan artıq öyrənib.

Lakin cənab Prezidentin dediyi kimi, bizi öz hədəf və məqsədlərimizdən heç nə yayındıra bilməz: “ Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi. Biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir”. Bizim hər birimiz bu hədəflərə çatmaq üçün səylərimizi əsirgəməməliyik.