“Heydər Əliyev və yol infrastrukturunun inkişafı” mövzusunda görüş keçirildi

25 may 2023-cü il tarixində Göyçay rayon 17 saylı Yol İstismar İdarəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə Göyçay və Ağdaş rayonlarında çalışan avtomobil yolları işçiləri ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və yol infrastrukturunun inkişafı” mövzusunda görüş keçirildi.

İştirakçılar əvvəlcə müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular.

Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə açıq elan edildi.

Çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycanda yol infrastrukturunun formalaşması tarixindən bəhs edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi bu sahənin də inkişafında Heydər Əliyevin əvəzsiz rolunun olduğunu, Onun zəngin irsində nəqliyyat sisteminin inkişafının daim əhəmiyyətli yer tutduğunu qeyd etdi.

Deputat vurğulayıb ki, bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə yad edir, hörmət və ehtiramla anır. Bunun təsadüfi olmadığını deyən millət vəkilinin sözlərinə görə, vətəndaşlarımız Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirirlər.

Sonra millət vəkili Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yol infrastrukturu sahəsinin təkmilləşməsinə dəlalət edən davamlı diqqəti, imzalanan Fərman və Sərəncamlar, qəbul olunan Qanunlar haqda iştirakçılara geniş məlumat verərək bu gün görülən işlər nəticəsində Azərbaycanın istər Şərqlə Qərb, istərsə də Cənubla Şimal arasında mühüm tranzit ölkəyə çevrildiyini, Avrasiya məkanının beynəlxalq logistik layihələrinin icrasında əhəmiyyətini diqqətə çatdırdı.

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, müstəqilliyimizin bərpası, eyni zamanda son illərdə Azərbaycanda nəqliyyat, xüsusilə avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi prosesindən ətraflı söhbət açdılar.

Qarşılıqlı müzakirələrin sonunda görüşün yekun nitqi səsləndirildi, xatirə şəkli çəkdirildi.

Sonda tədbir iştirakçıları görüşün təşkil olunması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.