Hicran Hüseynova yüksək nəticə göstərən şagird və müəllimi qəbul edib

41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında cari ildə Avropa İttifaqının (AI) və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə yaradılan "Eastern Partnership European School in Georgia" beynəlxalq məktəbinə tam təqaüdlə qəbul olaraq uğurlu nəticə göstərən Sumqayıt şəhəri 24 nömrəli məktəbin şagirdi Cavadzadə Şahanə Əli qızını, onun valideyinlərini və məktəbin direktoru Cabbarova Nəsibəni qəbul edib. 

Görüş zamanı parlamentin komitə sədri orta təhsili “The International Baccalaureate (IB) Diploma Programme (DP)” proqramı ilə davam etdirəcəyinə görə Ş.Cavadzadəni əldə etdiyi uğur münasibəti ilə təbrik edib, gələcək həyatında akademik biliklərlə yanaşı, yüksək intellektə, dünyagörüşə, sosial bacarıqlara, iş təcrübəsinə yiyələnməsini tövsiyə edib, təhsilində müvəffəqiyyətlər arzulayıb.

Sumqayıt gənclərinin təhsildə uğurlu nəticə göstərməsi bizi olduqca qürurlandırdığını bildirərək, bütün şagirdlərə və tələbə adını qazanmış gənclərə gələcək təhsilində uğurlar arzulayan deputat bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərildiyini, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür. Odur ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli, yenilməz etmək üçün siz - yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız.

“Sizin bu uğurunuzda oxuduğunuz orta təhsil müəssisələrinizin, müəllimləriniz və valideynlərinizin də xüsusi zəhməti danılmazdır. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm”-deyə deputat diqqətə çatdırıb. 

Sumqayıt şəhəri 24 nömrəli məktəbin direktoru Cabbarova Nəsibə, məktəbin şagirdi Cavadzadə Şahanə və valideyinləri səmimi qəbul, diqqət və qayğı üçün minnətdarlıqlarını bildirib. O, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacağına söz verib. Şagirdə təşəkkür məktubu, hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.