“İlham Əliyevin qələbəsini şərtləndirən amillər çoxdur” – Aydın Hüseynov

“11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti 7 ildə hədəflərinin gerçəkləşməsinə doğru mətin addımlarla irəliləyən cənab İlham Əliyevin qələbəsi son 15 ilin uğurlarına söykənmiş reallıq idi. 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı deyirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm. Bu vədə sadiqlik Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, Cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini təmin etdi. İlham Əliyevin qələbəsini şərtləndirən amillər çoxdur". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, son prezident seçkilərindən keçən müddət qısa olsa da, bütün sahələrdə böyük uğurlar əldə olunub: "İnkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 19 ilin göstəriciləri bunu əyani sübut edir. Bu gün çəkinmədən söyləmək olar ki, son illər iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci bir dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Prezident İlham Əliyevin fəaliyyəti dövründə apardığı siyasətin mühüm prinsipləri ölkəmizin təhlükəsizliyi, iqtisadi inkişafı və xalqın sosial problemlərinin həllidir. Ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsinin əsas məqsədi sosialyönümlülüyü təmin etməkdir. Bu gün Azərbaycan elə bir sahə yoxdur ki, orada yüksək göstəricilər əldə edilməsin. İqtisadiyyatda, mədəniyyət, təhsil və səhiyyədə, kənd təsərrüfatı sektorunda, sosial və ictimai-siyasi sahədə islahatlar həyata keçirilib və islahatlar bu gün də davam etməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadi inkişafın dayanıqlılığının, dinamikliyinin təmin olunmasında başlıca amil ölkəmizdə mövcud olan sabitlikdir. Əhalinin gəlirləri artıb, işsizlik və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Davos İqtisadi Forumunun və Dünya Bankının hesabatlarında da bu rəqəmlərə rast gəlmək olar. Bu gün Azərbaycanın dünya miqyasında imkanları genişlənib. Cənubi Qafqaz regionunda elə bir beynəlxalq layihə yoxdur ki, orada Azərbaycan aparıcı mövqedə olmasın. Azərbaycanın razılığı və iştirakı olmadan heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə regionun loqistika mərkəzinə çevrilib, enerji və nəqliyyat dəhlizlərinin kəsişdiyi məkandır. Azərbaycan qonşu və dost ölkələrlə yanaşı, Avropa Birliyinin də enerji təhlükəsizliyinə öz töhfələrini verməkdədir”.