İnkişafın Azərbaycan modelinin mövcudluğu böyük uğurdur

“24 iyun 1993-cü il müasir müstəqil Azərbaycanın  çoxəsrlik tarixinin əlamətdar günlərindən biridir. Milli Məclisin bu tarixdə keçirilən iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bununla da ölkəmizin həyatında yeni bir mərhələ başladı. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri daha da təkmilləşdirildi, Milli Məclisə yeni bir nəfəs gəldi. Azərbaycan demokratik, hüquqi dövlət olaraq bu sahədə islahatları daha da dərinləşdirdi. Qəbul edilən yeni qanunlar ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyu bütün çətinliklərə baxmayaraq heç bir qüvvə xalqımızın dövlətçilik ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə uyğun olaraq müstəqil dövlət yaratmaq istiqamətində səylər qarşısıalınmaz bir prosesə çevrilmişdir. Bu baxımdan belə bir fikri hər zaman qeyd edirik ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın müstəqilliyi üçün təhlükələr yaranananda xalqın sabaha ümidləri itmədi. Xalqımızda  belə bir  əminlik var idi ki, Vətənini, xalqını, dövlətini canından artıq sevən, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atan Ulu Öndər Heydər Əliyev yaranmış vəziyyətə biganə qalmayacaq, zəngin idarəçilik təcrübəsindən istifadə edərək ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edəcək.  Elə də oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında dayanan  strateji vəzifə və hədəfləri  müəyyənləşdirdi, dünyanın qabaqcıl ölkələrinin  təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək onların Azərbaycan reallıqlarına uyğunlaşdırılmasına nail oldu. Hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi tərəqqinin əhəmiyyətini önə çəkən Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelini gerçəkləşdirdi.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” söyləyən Ümummilli Lider 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdı: “Dövlətçiliyin əsasları yaradıldı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi geniş təbliğ edildi. Azərbaycanın demokratik dəyərlərə sadiqliyi sözdə deyil, əməldə öz təsdiqini tapdı. Ölkəmiz Ümummilli Lider  Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.”

Malik Həsənov bu mühüm məqamı da xüsusi vurğulayıb ki, ərazi bütövlüyümüzün təmin edilməsi Ulu Öndərin ən böyük arzusu idi: “1993-cü ildə hakimiyyətə qayıdışının ilk günlərindən Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını, həqiqətlərimizin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimiyyətinə çatdırılmasını fəaliyyətinin əsas istiqamətinə çevirdi. Azərbaycanın ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qazandığı uğurlar münaqişənin həlli üçün  əsas olan möhkəm hüquqi bazanın formalaşmasında öz sözünü dedi. Ümummilli Lider, eyni zamanda, bu çağırışı da etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün  güclü və qüdrətli ordunun olması vacibdir. Nizami ordunun yaradılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdə oldu.”

Deputat qeyd edib ki, Ulu Öndər Azərbaycanı necə görmək istəyirdisə, gələcəyi üçün ona uyğun şəkildə möhkəm təməl formalaşdırdı: “Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin edən Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü uğurlarımızın, tarixi Zəfərimizin əsasını qoydu. Özünün axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyevin axıra çatdıra biləcəyinə böyük əminliyini ifadə etdi.”

“Bu gün Azərbaycan qalibiyyəti, bu fonda yaratdığı reallıqlarla dünyaya səs salıb” söyləyən Malik Həsənov diqqəti rəşadətli Azərbaycan Ordusunun üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməsinə yönəldib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə yeni bir səhifə yazdı. Artıq üç ildir ki, bayramlarımızı Zəfər ruhunda qeyd edirik. 26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsindəyik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edilməsi mərasimindəki çıxışında xüsusi qeyd etdi ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Dövlət başçısı belə bir mesajı ünvanladı: “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır.”

Deputat bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl uğurların davamlılığında əsasdır. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. İnkişafın Azərbaycan modelinin mövcudluğu, onun başqa ölkələrə nümunə göstərilməsi böyük uğurdur.