İranda bahalaşma etiraz aksiyalarını kəskinləşdirir - VİDEO

Dünən axşam saatlarında İranın Dezful şəhərinin sakinləri hakimiyyətə və ölkəni məngənəsinə alan kəskin bahalaşmaya etiraz üçün küçələrə axışıblar.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, etirazlar və Bazarın Tənzimlənməsi Qərargahının yağ, süd məhsulları, toyuq və yumurtanın qiymətinin bahalaşması ilə bağlı xəbərdarlığı ilə eyni vaxtda bəzi mobil operatorlarının internet şəbəkəsi dayandırılıb və stasionar internet şəbəkəsinin sürəti azaldılıb.

Şəhər mərkəzində başlayan etiraz aksiyası daha sonra müxtəlif küçələrə yayılıb və sakinlər hakimiyyət rəsmilərinə və bahalığa qarşı “Rəisiyə ölüm”, “Bahalaşmaya ölüm” kimi müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, İranda un, makaron, çay, bitki yağı kimi bir sıra əsas ərzaq məhsullarının qiymətinin bir neçə gün içində dəfələrlə bahalaşmasından sonra ölkənin onlarla şəhərində etiraz aksiyaları baş qaldırıb və əhali rejimin səriştəsizliyinə qarşı öz etirazını bildirib.