"İrəvan Xankəndiyə etdiyi bütün dəstəklərdən tam imtina etməlidir"

Revanşistlər anlamalıdır ki, onların istənilən cəhdi iflasa məhkumdur və onların baş qaldırılmasına imkan verilməyəcək. Necə ki, indiyədək baş qaldıranın başı yerindəcə əzilibsə, bundan sonra da əziləcək.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını istəməyən güclərdən “ilhamlanan” həmin revanşistlər bilməlidir ki, Azərbaycan sərt üzünü göstərəndə başlarını soxmağa yer tapa bilməyəcək və həmin havadarlar da onlara dəstək ola bilməyəcək.

“Uduzan tərəf özləri olacaq. Azərbaycan sülhə məcburetmə taktikasından istifadə etməklə məqsədinə nail olacaq. Vaşinqton danışıqları da sübut etdi ki, masada ancaq və ancaq Azərbayanın təklif etdiyi gündəlik müzakirə olunur. Bu da ondan ibarətdir ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr və işğalçı-terrorçu strukturun buraxılıb tərksilah edilməsi, Bakının şərtləri daxilində reinteqrasiyası prosesinə başlanılması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılmalıdır” - o qeyd edib. 

O əlavə edib ki, rəsmi İrəvan da sülhlə bağlı verdiyi bəyanatları praktik olaraq həyata keçirilməsi istiqamətində addımlar atmalıdır: “İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirsə, o zaman bunu sübut etmək üçün Xankəndidəki işğalçı struktura verdiyi bütün dəstəklərdən, o cümlədən onları maliyyələşdirməkdən imtina etməlidir. İrəvan verdiyi bəyanatları praktik olaraq həyata keçirməyincə, onun bu hərəkətləri sülh danışıqlarından manipulyasiya edib vaxt udaraq bölgədə sabitliyə, sülhə, təhlükəsizliyə təhdid kimi qiymətləndiriləcək.

Son olaraq onu da qeyd etmək istərdim ki, İrəvan Cənubi Qafqazı bölgədə marağı olan  güclərin geosiyasi toqquşma meydanına çevirməkdən qaçmalıdır. Nəticədə bu geosiyasi oyunlardan çıxdaş ölkə olacaqsa, o da Ermənistan olacaq”.