“İstedadlı şagirdlərə dəstək” layihəsi başa çatdı

Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB “İstedadlı şagirdlərə dəstək” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə təlimlərini yekunlaşdırdı.

Bu məqsədlə təşkil edilmiş yekun tədbirə dəvət olunan şagirdlərin qeydiyyatından sonra layihə rəhbəri, İb sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra layihə boyu təlimlərdə olduğu kimi, bütün iştirakçılar Azərbaycan Respublikasının dövlət himnini oxudular. Ardınca layihə rəhbəri Birinci Qarabağ, Aprel döyüşləri və Vətən savaşında ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi.

Şəhidlərin xatirəsinin ehtiramla yad olunmasından sonra tədbirin əsas hissəsinə başlanıldı. İlk çıxış edən layihə rəhbəri Əli Cəfərov bildirdi ki, “İstedadlı şagirdlərə dəstək” layihəsi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. O, bir daha layihənin keçirilməsinə qrant ayırdığına görə Agentliyə və layihənin reallaşdırılması üçün şərait yaratmış Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri onu da xüsusi vurğuladı ki, istedadlı şagirdlərin vaxtında aşkarlanması, onların qeyri-adi qabiliyyətlərinin inkişaf etdirilməsi, dəstəklənməsi müasir dövrün qlobal çağırışı kimi təhsil sisteminin, QHT-lərin və bütövlükdə ictimaiyyətin qarşısında çox mühüm vəzifələr qoyur: “Layihənin konkret olaraq əldə etdiyi nəticələrə, əhəmiyyətinə gəlincə isə biz bu qısa müddətdə bir sıra uşaqların istedadlarının üzə çıxarılmasına nail olduq. Çox istərdim kı, bizdən sonra da məktəb və valideynlər birgə əməkdaşlıq edərək istedadlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsinə bilavasitə vəsilə olacaq bu prosesləri davam etdirsinlər, o uşaqların zehn və fitri qabiliyyətlərinin korşalmasına imkan verməsinlər, onları mütəmadi olaraq ruhlandırsınlar. Eyni zamanda digər sahələr üzrə də istedadlı uşaqlar üzə çıxarılıb cəmiyyətə təqdim edilsin. Axı unutmaq olmaz ki, bu günün şagirdləri sabahkı müəllim, həkim və digər sahələrin aparıcı mütəxəsisləri və ən başlıcası dövlətimizi uğurlu nəticələrə yönəldəcək şəxslər olacaqlar.

Sonra layıhə rəhbəri təlimin gözlənilən nəticələrinin ayrı-ayrı nüanslarına da diqqətləri çəkdi. Bildirdi kı, onların məktəbdə başladığı bu nəcib təşəbbüs artıq özünün geridönməz fazasına daxil olub. Belə ki, məktəbin pedaqoji kollektivi və valideynlər onların layihə təlimlərində aşkara çıxardığı istedadlı uşaq və gənclərin potensial imkanları nəzərə alınmaqla inkişaflarının təmin olunması sahəsində müasir tələblərə cavab verən birgə, koordinasiya olunmuş, səmərəli fəaliyyət mexanizmi yaradacaqlar. Hazırda təhsil aldıqları məktəbin maddi-tədris bazası möhkəmləndiriləcək və tədris ocaqlarının tanınmış elm, təhsil, mədəniyyət və incəsənət xadimləri ilə görüşləri davam etdiriləcəkdir. Nəticədə istedadlı uşaq və gənclərlə aparılan işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Çünki məktəb rəhbərliyi və valideynlər həmçinin 209 nömrəli bu məktəbdə müsabiqə və olimpiadaların təşkili proseslərinin daha da sürətləndirilməsinə söz veriblər.

Təlimin ikinci hissəsi başlayanda məktəbin direktoru Səbahət Ağayeva və müavini Vəfa xanım da tədbirin bu bölümünə qoşuldular. Bir daha layihə rəhbəri Agentliyə və BŞTİ-yə öz təşəkkürünü bildirdikdən sonra təlimdə və şeir müsabiqəsində iştirak edən şagirdlərə sertifikatların verilməsi prosesi baş tutdu. Əli Cəfərovun təşəbbüsü ilə şagirdlərə sertifikatları məktəbin direktoru təqdim etdi.

Məktəbin direktoru Səbahət xanım Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB “İstedadlı şagirdlərə dəstək” kimi son dərəcə marifçi bir layihənin ideyasına və məhz onların məktəbində həyata keçirilməsinə görə layihə rəhbəri Əli Cəfərova və Təhsil Nazirliyinə öz təşəkkürünü bildirdi və xüsusi olaraq vurğuladı kı, bu istiqamətdə təşkil olunan təlimlər mütləq davam etdirilməlidir.