Jurnalistlər üçün önəmli vəsait

“Milli Jurnalistika Konqresi” – İctimai Birliyi Azərbaycan respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnternet jurnalistika” kitabını çap etdirib.

 

Dövrümüzdə baş vermiş lokal, regional, o cümlədən Qarabağ savaşının təhlili göstərir ki, KİV-dən geniş istifadə olunması məqsədyönlü, ardıcıl prosesə çevrilib.

 

İnformasiya texnologiyalarının yüksək inkişaf tapdığı və dünyanın bir bütöv informasiya səhnəsinə çevrildiyi zamanımızda “intellekt balansı” faktoru internetin imkan yaratdığı kommunikasiyalarda sürətlə inkişaf edir. Fiziki güc tətbiq etmədən yönləndirilmiş – informativ-psixoloji qarşıdurma gücü çağımızda media üzərindən savaşmanın xarakteristikasını açığa çıxardıb. Yəni, strateji anlamda informativ-psixoloji qarşıdurmanın gizli müharibə şəklində həyata keçirilməsi internet jurnalistikada daha əhatəli formada reallaşdırıla bilir. Çünki indi “ərazilərin, ölkələrin işğalı” əsasən şüurların işğalı ilə aparılır. Şüurların işğalı isə, bu və ya digər kontekstdə məqsədyönlü informasiya manipulyasiyaları ilə əldə edilir.

 

Açıq toplum siyasəti yeridilən ölkələrdə bu nəzarət həm də Qeyri Hökumət Təşkilatları vasitəsi ilə də tətbiq edildiyindən “Milli Jurnalistika Konqresi” – İctimai Birliyi “İnternet jurnalistika” kitabını rus dilindən tərcümə edib və yerli media mühitinə uyğun şəkildə çap etdirib. 

Bu layihənin əhəmiyyəti ciddi dəyərləndirildiyinə görə 10 noyabr 2022-ci ildə BDU-nun jurnalistika fakültəsində “İnternet mediada mənfi-müsbət interpretasiyalar” mövzusunda konfrans keçiriləcək.

Belə düşünürük ki, internet texnologiyaları ilə ifadə edilən şəbəkə jurnalistikasının xüsusiyyətlərinin ölkə istifadəçilərinə əlçatanlığını təmin etməklə çox ciddi ehtiyac ödənmiş olacaq.

“İnternet jurnalistika” kitabı həm də dövlətimizin informasiya siyasətinin strateji yolunu daha dəqiq öyrənmək üçün çox gərəkli vəsaitdir.

Qlobal informasiya mühitinin formalaşması şəraitində şəbəkə jurnalistikasının – internetin xüsusiyyətləri, informasiya sahəsində yaranan yeni münasibətlər sisteminin spesifik cizgiləri, jurnalistikanın fəaliyyət sferasında yaranan yeniliklər, Azərbaycanda internet-jurnalistikasının problemləri, perspektivləri və s. məsələləri bu kitabdan öyrənmək olacaq. 

Mediada bu kimi davranışların azaldılması şərtləri konfrans-toplantıda kitabın təqdimatı ilə müzakirə ediləcək.