Kəlbəcər günüdür bu gün-GÜLƏR MÜBARİZ YAZIR

Millətimin ,ordumun qələbəsinin Kəlbəcər günü…

Hər gününə bir dastan yazılası 44 günlük qələbəmizin Kəlbəcər tərəfi. Körpəlikdən, ağlımız kəsəndən gözümüzdə əzəmət simvolu olan Kəlbəcərdən yazacağam bu gün…
Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri rayonun qədim tarixindən xəbər verir.

Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Dörd bir yanı təbiətin möhtəşəm görüntüsü,əzəməti,xəzinəsi ilə örtülən Kəlbəcər bu gün sakinlərini gözləyir dörd gözlə,həsrətlə..Ondan gedənlər yerində yeni sakinləri ilə- yeni kəlbəcərlilərlə dönəcək, torpağına sahib çıxacaqlar, Kəlbəcərlə bütünləşib, Kəlbəcərlə tam olacaqlar.
Bir daha həsrətə izn verməyəcəklər yurd dağı vursun qəlblərə, ayrılığın küləyi də əsməyəcək o dağların üstündən. Olsa ,olsa Bakının gilavarlı qonaqlarını qoynunda qonaq edəcək o dağlar. Ətəyində samovara od salınacaq, tərtəmiz yaşıllıqdan bəslənən quzulardan bir süfrə açılacaq ki ,gəl görəsən… Saz havası könülləri oxşayacaq, burnumuza gələn tüstü qoxusu manqalın qoxusu olacaq, barıt qoxusunu unudacağıq daha…
Hər axşamçağı şəhidimizin yarası ilə bir oxşama eşidəcək o dağlar. Kövrəkliyi qəlbimizdə, duası dilimizdə əskik etməyəcəyik amin kəlməmizi. Bu torpağın hər qarışı üçün əziyyəti,əməyi keçən bütün insanlara minnət duyğusu ilə yaşayacağıq.
Günün mübarək, Azərbaycanım, zəfərin daimi olsun, Kəlbəcərimizin qurtuluşu naminə ,bizə dönüşünün hər anı naminə gözümüz aydın olsun.