Kürdəmirdə şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da YAP Kürdəmir rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, şəhid atası Bahadur Paşayev, Vətən müharibəsi qazisi Elnur Cəfərov və təşviqat qrupunun üzvləri çıxış ediblər.

Çıxış edənlər ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə edildiyini söyləyib, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz Ali Baş Komandan İlham Əliyev olduğunu xüsusi qeyd ediblər.

Natiqlər əminliklə deyiblər ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək, işğaldan azad olunmuş torpaqlarımız çiçəklənəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.