Mədəni, elmi inkişafda Ulu Öndər Heydər Əliyevin rolu

Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürü ölkəmizin hər tərəfli inkişafında mühüm yer tutur. Ümummilli lider ölkəmizin mədəni, elmi inkişafı ilə bağlı danışarkən görkəmli ziyalıları hər zaman diqqətdə saxlamış, dövlət tərəfindən yaradıcı insanlara dəstək göstərilmişdir. Bu onların mənzil təminatı, təqaüd və fəxri adlar almalarında özünü göstərir. Ümummilli lider deyirdi: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.
Azərbaycan tarixində özünəməxsus yer tutan ziyalılar barəsində danışan Ulu öndər Heydər Əliyev xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin misilsiz rolu barəsində öz fikirlərini geniş ictimayyətlə bölüşüb.
Ulu öndər Heydər Əliyev xalqın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsini daim diqqətdə saxlayırdı. Ulu Öndər mütəfəkkirlərin, elm, təhsil və mədəniyyət xadimlərinin, bir sözlə ölkə mədəniyyətinin inkişafına layiqli töhfələr verən insanların xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi və ev muzeylərinin açılmasına xüsusi önəm verirdi. Milli və peşəkar musiqi sənətini dərindən qiymətləndirən Ulu Öndər xalqımızın musiqi və ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan insanların fəaliyyətinin qiymətləndirilməsi, bir sözlə, Azərbaycanın görkəmli sənət adamlarının xatirəsinin əbədiləşdirilməsi məsələsini heç unutmurdu.
Ziyalılara, sənət adamlarına himayədarlıq edən Ümummilli Lider yazıçıların qurultaylarında iştirak etməklə onlara stimul verirdi. Ulu Öndər Heydər Əliyev söz adamlarına diqqət və qayğı göstərməklə yanaşı, Azərbaycan ədəbiyyatını yad təsirlərdən qoruyurdu. Heydər Əliyev yalnız ədəbiyyatın yox, həmçinin ədəbiyyatın əsas istinadgahı olan dilin də inkişafını daim diqqətdə saxlayırdı. Ulu Öndərin imzası ilə 2001-ci il iyunun 18-də verilən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin əsas işlək dilə çevrilməsində mühüm rol oynadı.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, müxtəlif fəxri adlarlarla təltif olunurdular. Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə,  rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi.


Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı